XƏBƏRLƏR
XƏBƏRLƏR -
Elmi tədbirlər
19 Oktyabr, 2026
Muzeyin əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

12–16 oktyabr 2026-cı il tarixlərində Türkiyənin Hatay vilayətində, İskəndərun Texniki Universitetinin Memarlıq fakültəsində Azərbaycanın görkəmli alimi, professor Ərtəkin Salamzadənin yubileyinə həsr olunmuş “Türk sənəti, tarixi və folkloru (Sənət ənənələri)” XX Beynəlxalq Konfransı keçirilib.

Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Həbibə Əliyeva və muzeyin baş mühafizi, tarix üzrə fəlsəfə doktoru, dosent Məhfuza Zeynalova iştirak ediblər. Açılış mərasimində Məhfuza Zeynalova Azərbaycan nümayəndə heyəti adından salamlama nitqi ilə çıxış edib.

Elmi tədbir çərçivəsində Həbibə Əliyeva “İslam dünyasının epiqrafik irsi: Nizaməddin və Həbib-i Nəccar məscidlərinin kitabələrinin müqayisəli təhlili” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə hər iki məscidin epiqrafik materialları müqayisəli şəkildə araşdırılıb, kitabələrin tarixi və elmi əhəmiyyəti, eləcə də Türk-İslam mədəni irsinin öyrənilməsi və qorunmasındakı rolu diqqətə çatdırılıb. Konfransın Təşkilat Komitəsi tərəfindən Həbibə Əliyevaya elmi fəaliyyətinə görə “2026 Yılın Bilim İnsanı Ödülü” mükafatı təqdim olunub.

Türkiyə, Azərbaycan və digər ölkələrdən 78-dən çox alimin iştirak etdiyi konfransda elmi əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqatların aparılması və nəticələrinin nəşri, həmçinin Türk-İslam mədəni irsinin qorunması və bərpası ilə bağlı məsələlər müzakirə olunub.