16 oktyabr 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Arxeologiya və etnoqrafiya kafedrasının 50 illik yubileyinə həsr olunmuş “Arxeologiya, etnologiya və antropologiyanın aktual məsələləri” mövzusunda respublika elmi konfransı keçirilib. Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları Aida İsmayılova, Arzu Mirzəhmədova və Sənurə Dostiyeva elmi məruzələrlə çıxış ediblər.
Muzeyin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aida İsmayılova “Orta əsr Azərbaycan şəhərlərində bədii metalişləmənin təşəkkülü və inkişaf xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib. Tədqiqatda orta əsr Azərbaycan şəhərlərində bədii metalişləmənin formalaşması və inkişaf mərhələləri, bu sənət sahəsinin şəhər mədəniyyəti və sənətkarlıq ənənələri ilə qarşılıqlı əlaqəsi təhlil olunub.
Arxeologiya elmi fond şöbəsinin kiçik elmi işçisi Arzu Mirzəhmədova “Orta əsr Beyləqan şəhərinin şirli keramikasında həndəsi ornamentlər” mövzusunda məruzəsində Beyləqan arxeoloji materialları əsasında şirli keramika nümunələrinin ornament kompozisiyalarını araşdırıb. Məruzədə həndəsi naxışların bədii xüsusiyyətləri və orta əsr dekorativ-tətbiqi sənətinin tədqiqində arxeoloji materialların elmi əhəmiyyəti diqqətə çatdırılıb.
Muzeyin Numizmatika fondunun müdiri Sənurə Dostiyeva “XVI–XVII əsrlərdə Qərbi Avropa dövlətlərində zərb olunmuş sikkələr Y.A. Paxomovun araşdırmalarında” mövzusunda məruzə təqdim edib. Çıxışda görkəmli numizmat alim Y.A. Paxomovun elmi irsində XVI–XVII əsrlərə aid Qərbi Avropa sikkələrinin tədqiqi məsələləri və bu araşdırmaların numizmatika elmi baxımından əhəmiyyəti nəzərdən keçirilib.
Konfrans arxeologiya, etnologiya və antropologiya sahələrində aparılan tədqiqatların elmi müzakirəsi, əldə olunmuş nəticələrin təhlili və Azərbaycan tarixinin maddi-mədəni irsinin öyrənilməsinə dair elmi yanaşmaların inkişafı baxımından əhəmiyyət kəsb edib.
İsmayıllı rayonunun Basqal qəsəbəsi və Sulut kəndində görkəmli Azərbaycan arxeoloqu, tarix elmləri namizədi Fazil Osmanovun anadan olmasının 90 illiyinə həsr olunmuş “Tarixi yerlər və abidələr” VI Beynəlxalq Sulut Simpoziumu keçirilib.
Milli Azərbaycan Tarixi Muzeyində akademik Əbdülkərim Əlizadə və professor Sara Aşurbəylinin 120 illik yubileylərinə həsr olunmuş “TARİXİN ÖYRƏNİLMƏSİNİN VƏ TƏDRİSİNİN AKTUAL PROBLEMLƏRİ” mövzusunda respublika elmi konfransı keçiriləcək.