XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
20 Noyabr, 2026
Milli Azərbaycan Tarixi Muzeyi Türkiyədə keçirilmiş beynəlxalq muzeyşünaslıq konqresində təmsil olunub

17–18 noyabr 2026-cı il tarixlərində Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində, Prezident Külliyyəsində yerləşən Prezident Administrasiyasının Millət Kitabxanasında “Türkiye Uluslararası Müzecilik Kongresi” (“Türkiyə Beynəlxalq Muzeyşünaslıq Konqresi”) keçirilib. Beynəlxalq elmi tədbir Türkiyə Respublikası Prezidentinin rəsmi dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı əsasında baş tutub.

Dünyanın müxtəlif ölkələrindən muzey rəhbərləri, alimlər və mütəxəssislərin iştirak etdiyi konqresdə müasir muzeyşünaslığın aktual elmi-nəzəri və praktiki məsələləri, tarixi-mədəni irsin qorunması, muzey fəaliyyətində rəqəmsal texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Konqresdə Milli Azərbaycan Tarixi Muzeyini muzeyin direktoru, akademik Nailə Vəlixanlı və Arxeologiya elmi-fond şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Həbibə Əliyeva təmsil ediblər.

Tədbir çərçivəsində akademik Nailə Vəlixanlı “Muzeylərin müasir transformasiyasının onların fəaliyyətinə təsiri (Milli Azərbaycan Tarixi Muzeyinin nümunəsində)” mövzusunda elmi məruzə ilə çıxış edib. Məruzədə muzeyin yaranma və inkişaf tarixi, elmi-tədqiqat və mədəni-maarif fəaliyyəti, Azərbaycanın tarixi-mədəni irsinin qorunması, tədqiqi və təbliği istiqamətində görülən işlər, eləcə də rəqəmsal texnologiyaların tətbiqi və beynəlxalq muzey əməkdaşlığının inkişaf perspektivləri diqqətə çatdırılıb.

Konqres çərçivəsində Azərbaycan muzeyçilik ənənələrinin və Milli Azərbaycan Tarixi Muzeyinin elmi-nəşri fəaliyyətinin beynəlxalq səviyyədə tanıdılması məqsədilə Prezident Administrasiyasının Millət Kitabxanasına muzeyin “Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasının inciləri”, “Hacı Zeynalabdin Tağıyev sarayı” və “Azərbaycan tarixi 100 eksponatda” adlı kitab-albomları hədiyyə edilib.

Beynəlxalq konqres muzeyşünaslıq sahəsində elmi və peşəkar təcrübə mübadiləsinin genişləndirilməsi, muzeylərarası əlaqələrin möhkəmləndirilməsi və tarixi-mədəni irsin qorunması istiqamətində yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.