Baki, Şirvan, Quba xalçaları. Kataloq, Bakı, “Ziya”. 2013. 176 s.
Milli Azərbaycan Tarixi Muzeyində qorunan, toxuculuğun ən ibtidai növlərindən həsir, çətən, keçə və s. dən başlayaraq, daha mürəkkəb xovsuz, xovlu xalçalar və xalça məmulatlarının ümumi sayı 700-ü keçir. Onlar Azərbaycanın bütün məktəblərini əhatə edən əsl nümunələrdir. Kolleksiya satınalma, hədiyyə və dövlət orqanları tərəfindən ölkədən kənara qeyri-qanuni çıxarılma zamanı müsadirə edilmə yoluyla muzeyə verilmiş əşyalar əsasında daim zənginləşir. Bu gün Şirvan məktəbinə aid olan heybənin (inv. 749) muzey kolleksiyasına daxil edildiyi 1926-cı ildən xeyli vaxt keçmişdir. Daha sonralar muzeyin Etnoqrafiya elmi fond şöbəsinə qəbul edilmiş onlarla duz torbası, xaral, məfrəş, heybə, xurcun, çul, yəhər üstü, cecim, palaz, kilim, zili, sumax, vərni, şəddə kimi xovsuz və xovlu xalçalar istifadə təyinatı, bədii quruluşu və forma orijinallığı ilə bir-birindən fərqlənir. Təqdim edilən nümunələrin konkret hansı məktəblərə məxsusluğu məlum olsa da, onları ərsəyə gətirən ustaların adı ümumi xalqın adı ilə bağlıdır. Tarixi yadigarlarımız olan xalçaların Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası içərisində özəl yeri vardır. Sistemləşdirilmiş bu xalça kolleksiyasının yüksək səviyyədə sənətşünaslıq, tarixi-etnoqrafik, genetik aspektlərdən araşdırılması professionallar qarşısına yeni elmi vəzifələr qoyur.