Əliyeva Nərgiz "Mucəm əl-buldən" əsərində Azərbaycan və Qafqaz. Bakı, "Elm və təhsil" 2020, 424 s.
Yaqut əl-Həməvinin “Mucəm əl-buldən” əsəri XIII əsrin əvvəllərində Qafqaz, eləcə də Azərbaycanda baş vermiş hadisələrin gərginliyini əks etdirməklə yanaşı, monqollaraqədərki bəzi məsələlər, bölgənin tarixi coğrafiyası və dövrün müsəlman aləminin görkəmli elm və mədəniyyət xadimlərinin fəaliyyəti ilə oxucuları tanış edir. Mürəkkəb siyasi şəraitdə meydana gəlmiş “Mucəm əl-buldən” əsərində Azərbaycanın və bütövlükdə Qafqazın siyasi-iqtisadi-mədəni həyatı haqqında qiymətli elmi materiallar yer alır. Əsər sözügedən ərazidə orta əsr şəhərlərinin ziyalı mühiti və Xilafət tərkibində olan ölkələrlə elmi-mədəni əlaqələrin öyrənilməsi, eyni zamanda bölgənin monqol hücumlarından əvvəlki və sonrakı vəziyyəti ilə bağlı müqayisəli təhlil aparılması baxımından da mühüm elmi əhəmiyyət kəsb edir.
Kitabda şərh və qeydlərlə təqdim olunan elmi materiallar arxeoloqlara yeni tədqiqat obyektlərinin müəyyən olunması, yaşayış məskənlərinin lokallaşdırılmasına, epiqrafçılara bir çox məqbərə və tədris müəssisələrinin yaşını, görkəmli şəxslər haqqında məlumatları dəqiqləşdirməyə imkan yaradır. Kitab Azərbaycan və Qafqazın orta əsrlər siyasi tarixi, coğrafiyası, iqtisadiyyatı və mədəni həyatının öyrənilməsi üçün dərs vəsaiti kimi də istifadə edilə bilər.