Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda bütün xalça məktəblərinə aid 720 ədəd xalça və xalça məmulatı mühafizə olunur. Bunlardan Şirvan xalçaçılıq məktəbinə aid olan “Ərçiman” xalçası XIX əsrin sonunda Xızıda toxunmuşdur. Üzərində təsvir olunan süjeti və ornamentləri ilə unikal sənət əsəri təsiri bağışlayır. Analoqu hələ ki, məlum olmayan bu xalçanın qədim çeşnidən toxunan süjeti başqa xalçalarda təkrar olunmayıb. Xalçadakı süjet və naxışlar bütövlükdə xalqımızın ailə məişəti ilə bağlı adət-ənənələrini, mifik dünyagörüşünü özündə əks etdirir. Mütəxəssislərin fikrincə onun üzərində qırıq xətlərlə qədim türklərin insanlara ilahi qüvvə bəxş edən xoşniyyət ilahəsi Humayın təsviri verilmişdir. Bu, əvvəla, hər iki təsvirin arasında olan sonsuzluq işarəsinin alt hissəsində körpə təsvirinə bənzər təsvirin toxunmasından da görünür. Digər bir məqamsa Humayın təsvirinin xalçanın haşiyələrində toxunmuş butalarda olduğu kimi nurla əhatə edilməsidir. Butanın belə işıqsaçan,yəni nurlu formasına çox nadir hallarda rast gəlinir. Xalçanın mərkəzi qədim türklərdə ailə birliyini, ailə bağını ifadə edən andlaşmanı, qardaşlaşmanı bildirən “and damğası” ilə haşiyələnmişdir. And damğasının bu xalçada toxunması da təsadüfü olmayıb, onun hansısa əhd-peymanla bağlı olduğunu ifadə edir. Xalça üzərində məşhur Aşşur silindrlərində olan ağaclara bənzər təsvirlər də vardır. XIX əsrin sonuna aid olan bu Şirvan xalçasının ölçüləri 154 x 157 sm, sıxlığı 29 x 36 sm-dir. Toxuma üsulu: türkbaf.