Milli Azərbaycan Tarixi Muzeyində qorunan ən qədim eksponat olan daşlaşmış ağac qalığı məhz həmin nümunələrdəndir. Yer kürəsində təqribən 33,9-23 mln. il əvvəl mövcud olmuş olihosen geoloji mərhələsinə aid edilən bu ağac qalığı Azərbaycanın Şamaxı rayonu ərazisində Maykop çöküntüləri təbəqəsindən AMEA Coğrafiya İnstitutu əməkdaşları tərəfindən aşkar edilmiş, 2000-ci ildə həmin İnstitutun sabiq direktoru akademik Budaq Budaqov tərəfindən Muzeyə hədiyyə olunmuşdur. Tədqiqatçıların hesablamalarına görə ən azı 25 mln. yaşı olan bu daşlaşmış ağac qalığı planetdə iqlimin soyuqlaşmağa, tropik meşələrin geniş düzlərlə əvəz olunmağa başladığı, yeni yırtıcı heyvanların, insanabənzər meymunların, eləcə də müasir fil və atların və s. əcdadlarının yarandığı dövrə aiddir.
Uzunluğu 52,5, eni isə 12 sm olan, yaşı milyonlarla ölçülən bu qədim ağac qalığı muzeyin daimi ekspozisiyasında tamaşaçıların böyük maraqla qarşıladıqları nadir eksponatdır.