Türk tayfalarında, xüsusən Qaraqoyunlu və Ağqoyunlularda qoç var-dövlətdən əlavə, həmçinin, qoçaqlıq, igidlik mənasını ifadə etdiyindən, əvvəllər çox vaxt döyüşçü və sərkərdələrə, eləcə də hörmətli şəxslərə başdaşı kimi qoç formasında olan abidə qoyulurdu. Yəqin elə buna görə də arxeoloji qazıntılar zamanı bəzi qəbirlərdən həmin şəxsə məxsus silahlar tapılmışdır.
Muzeydə qorunan bu cür heykəllərdən biri Mil-Qarabağ bölgəsindən gətirilmiş qoç formasında başdaşıdır. Qoçun başının sol tərəfi və arxa ayaq hissəsi sınmışdır. Boynunda kəndirvari bəzək var. Hər iki yan tərəfində təsvir olunan ov səhnəsində at belində, əlində ox tutmuş ovçu, maral, keçi və digər heyvanlar əks olunmuşdur. Qoçun belində əski əlifba ilə yazılmış “Allah, Məhəmməd, Əli, Ağalar...” sözləri oxunur. Heykəlin hündürlüyü 48 sm, eni 26 sm, uzunluğu 82 sm-dir. Dövrün daşişləmə sənətinin nəfis nümunəsi olan bu daş qoç heykəli çapma, yonma və oyma texnikalarından məharətlə istifadə edən ustasənətkar tərəfindən hazırlanmışdır.