Muzeyin inciləri
Üçbuynuzlu baş bəzəyi-tiara
Üçbuynuzlu baş bəzəyi-tiara

Muzeyin Xüsusi fondunda erkən orta əsrlər dövrünə aid, böyük ustalıq və incəliklə hazırlanan bəzək əşyaları arasında polixrom üslubun ən gözəl nümunələrindən biri kimi qiymətləndirilən üçbuynuzlu baş bəzəyi – tiara xüsusi yer tutur. 1967-ci ildə arxeoloq Cabbar Xəlilovun Şamaxı rayonu Xınıslı kəndi yaxınlığında apardığı qazıntılar zamanı daş qutu qəbirdə aşkar etdiyi bu baş bəzəyini düzəltmək üçün usta döymə, əymə, lehimləmə və qaş bərkitmə üsulları ilə üç ədəd düzbucaqlı tunc lövhənin üzərinə nazik qızıl təbəqəsi bərkitmiş, bunlardan nisbətən qısa olan mərkəzi lövhənin üst hissəsinə ortasında çıxıntısı olan qoşa buynuz və ya uçan quşun açılmış qanadlarını xatırladan hissələr əlavə etmişdir. Ümumi çəkisi 69,7 qr olan tiaranın hər biri 12 sm uzunluqda olan iki böyük lövhəsində ayrı-ayrılıqda olmaqla 54 və 72 ədəd, mərkəzdəki uzunluğu 6,5 sm-lik əlavə hissə ilə birlikdə 66 ədəd yarpaq, oval və üçbucaq formalı qırmızı süleyman daşları bərkidilmişdi. Lövhələr ikiqat nazik qızıl məftillə haşiyələnmiş, üstlərindəki qaşlar şaquli və üfüqü sıralarda düzülmüşdür. IV-V əsrlərə aid edilən bu tiaranın 72 qaşlı lövhəsində olan qiymətli daşlar arasında iki yaşıl rəngli qaş da vardır.

Eksponat haqqında məlumat
Adı:
Üçbuynuzlu baş bəzəyi-tiara
Dövr:
IV-V əsrlər
Tapıldığı yer:
Xınıslı (Şamaxı)
Ölçüləri:
Hər biri 12 sm uzunluqdadır
İnventar nömrəsi:
XF 118