Muzeyin inciləri
“Monqol” xələti
“Monqol” xələti

Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında tarixi ədəbiyyatda şərti olaraq “monqol” dövrü adlanan bu dövrə aid Azərbaycan şəhərlərindəki (Təbriz, Bakı, Bərdə, Beyləqan, Ərdəbil, Gəncə, Naxçıvan, Marağa, Qəbələ, Şamaxı və b.) zərbxanalarda kəsilən, üzərində atlı təsviri, türkcə və ərəbuyqur qrafikası ilə yazılar həkk olunan gümüş dirhəmlər, müxtəlif silah növləri, döyüş ləvazimatı, məişət əşyaları və s. saxlanılır.

1946-1953-cü illərdə arxeoloq Saleh Qazıyevin rəhbərliyi altında Mingəçevir ərazisində aparılmış genişmiqyaslı arxeoloji qazıntı işləri nəticəsində XIII-XIV əsrlərə aid döyüşçü qəbirindən tapılmış maddi mədəniyyət nümunələri – vəkalət nişanı olan dəmir payza, dəmir nizə, ox ucları, bıçaq, parça və paltar qalıqları və s. nəzəri xüsusilə cəlb edir. Həmin geyim qalıqları keçən əsrin 50-ci illərində Sankt-Peterburqdakı Dövlət Ermitajının Bərpa laboratoriyasında restavrasiya edilmiş, bu parça qalıqlarının iki ipək xələtin hissələri olduğu müəyyən olunmuşdur. Xüsusi astar parçasının üzərinə tikilmiş bu xələtlər Muzeyin daimi ekspozisiyasında nümayış olunan maraqlı və qiymətli nümunələrdir. Mütəxəssislərin rəyinə görə, görünür, yerli dərzinin tikdiyi bu libasın biçimi həm monqol, həm də yerli biçim elementlərini özündə birləşdirmişdir.

Eksponat haqqında məlumat
Adı:
“Monqol” xələti
Dövr:
XIII əsrin əvvəlləri
Tapıldığı yer:
Mingəçevir
Ölçüləri:
İnventar nömrəsi:
AF 3020