Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya və Etnoqrafiya fondlarında qorunan XI-XII əsrlərə aid metalişləmə sənəti nümunələri arasında həmin dövrün məişət əşyalarından olan və elmi ədəbiyyatda elə dövrünə görə bəzən “səlcuq qazanı” adlandırılan iri tunc qazanlar mükəmməl sənətkarlıq nümunəsidir. Arxeologiya fondunda qorunan, yarımkürə formalı bürünc qazanın kənara qatlanmış ağzının nisbətən enli hissəsində bir tərəfdə kufi xəttilə ərəb dilində «amalu Məhəmməd ibn əl - Həsən» sözləri həkk olunmuş, o birinə nəbati və həndəsi naxışlarla bəzək vurulmuş, altına isə üç ədəd ayaq bənd edilmişdir. Qazanın hündürlüyü 24,5 sm, ağız diametri isə 37 sm-dir. Muzeyin Arxeologiya fondunda qorunan bu qazan 1966-cı ildə Beyləqanda təsadüfi tapıntı olsa da, arxeoloqlarımız Şirvan zonasında Altıağac və Çuxuryurd kəndləri ərazisində belə qazanlar tapmışlar. Örənqala şəhər yerində aparılan qazıntılar zamanı tunc qazan qulpunun, eləcə də qulp üçün qəlibin aşkar olunması Beyləqanda da sənətkarlığın bu sahəsinin inkişaf etdiyini təsdiq edir