Muzeyin inciləri
Maral qulplu riton
Maral qulplu riton

Qədim dövr dulusçuluq sənətinin özünəməxsus nümunələrindən biri zoomorf keramikadır. E.ə. I minillikdə məlum olan texnologiya əsasında hazırlanan cilalanmış qara və boz rəngli bu qablar müxtəlif funksional təyinat daşıyır, bəzən isə kiçik heykəl formasında hazırlanırdı. Yaxşı yoğrulmuş, bəzi hallarda üyüdülmüş gildən hazırlanan nümunələrin səthi hamar və naxışlı olurdu. Son tunc dövründən antik dövrə qədər zoomorf qabların forması və bədii tərtibatı daha da mürəkkəbləşmişdir. Heyvan və quş formalı qablarla yanaşı, qabların gövdəsi, qulpu və ağız hissəsində qorelyef üsulu ilə işlənmiş heyvan və quş təsvirlərinə də rast gəlinir. Bu təsvirlərin yalnız dekorativ deyil, həm də rəmzi və ovsuni məna daşıdığı, qabların şər qüvvələrdən qorunması məqsədilə totem xarakterli heyvan və quş obrazları ilə bəzədildiyi güman edilir.

1947-ci ildə Qavril İone tərəfindən Mingəçevir nekropolunun 30 nömrəli küp qəbrindən aşkar edilən və 1959-cu ildə muzeyə daxil olan riton bu tip zoomorf keramikanın səciyyəvi nümunələrindəndir. Əşya e.ə. II–I əsrlərə aid edilir.

Ritonun konusvari, aşağıya doğru daralan gövdəsi, geniş ağız hissəsi və heyvan başı ilə tamamlanan qulpu Qafqaz və Ön Asiyada geniş yayılmış antik dövr ritonlarının tipoloji xüsusiyyətləri ilə uyğunluq təşkil edir. Bununla yanaşı, maral obrazı, buynuzların işlənmə tərzi və qabın ümumi nisbətləri Mingəçevirin yerli keramika ənənələrinin özünəməxsus xüsusiyyətlərini göstərir. Zoomorf təsvirlərin rəmzi və qoruyucu məzmunu nəzərə alınaraq, ritonun məişət məqsədindən daha çox mərasim və ya inanc xarakterli istifadə olunduğu ehtimal edilir.

Hündürlüyü 18,5 sm, ağız diametri 10 sm, oturacaq diametri 3,5 sm olan maral qulplu riton formalaşdırma, cilalama, cızma naxışlama və bişirmə üsullarının tətbiqi ilə hazırlanmışdır. Bu nümunə Azərbaycanın antik dövr dulusçuluq sənətinin, xüsusilə zoomorf keramika ənənəsinin və onun hazırlanma texnologiyasının öyrənilməsi baxımından əhəmiyyətlidir.

Eksponat haqqında məlumat
Adı:
Maral qulplu riton
Dövr:
e.ə. II–I əsrlər
Tapıldığı yer:
Mingəçevir
Ölçüləri:
hündürlüyü 18,5 sm, ağız diametri 10 sm, oturacaq diametri 3,5 sm
İnventar nömrəsi:
AF 26115