Muzeyin inciləri
Beyləqandan sferokonus (XII-XIII əsrlər)
Beyləqandan sferokonus (XII-XIII əsrlər)

Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda orta əsr Azərbaycan şəhərlərinin həyatından xəbər verən maraqlı nümunələrdən biri Beyləqandan tapılmış sferokonusdur. Kürə ilə konusun birləşməsini xatırladan bu qabın adı da elə formasından götürülüb.

Sferokonus 1962-ci ildə arxeoloq Q.M. Əhmədov tərəfindən qədim Beyləqan şəhərinin xarabalıqlarında aparılan qazıntılar zamanı aşkar edilib və XII-XIII əsrlərə aid edilir. Bu dövr Beyləqanın Azərbaycanın iri sənətkarlıq və ticarət mərkəzlərindən biri kimi çiçəkləndiyi vaxta təsadüf edir.

Qab səliqə ilə formalaşdırılıb və iri tutumludur. Bişirildikdən sonra gili açıq boz rəng alıb. Yastı yarımkürə şəklində olan ağız hissəsi bir qədər kənara çıxıntılıdır, ağız dəliyi isə dairəvidir. Çiyin hissəsi üç pillə ilə işlənib. Sonuncu pilləvari zolaqdan gövdənin ortasına qədər səth çarpaz düzülmüş damlavari qabarıqlarla bəzədilib. Gövdənin ortası cızma xətlə haşiyələnib. Düz və dairəvi oturacağı üç sıra şırım əhatə edir. Qabın qalan səthi saya və hamardır. Dar ağzı, qalın divarları və kiçik oturacağı sferokonusa möhkəm, qapalı bir görünüş verir.

Sferokonuslar orta əsrlərdə Yaxın və Orta Şərqin geniş ərazisində yayılmış qablardır. Onların təyinatı bu gün də alimlər arasında mübahisə doğurur. Müxtəlif tədqiqatçılar bu qabların civə, ətir, dərman və ya içki saxlamaq üçün işlədildiyini, bəzi hallarda isə içərisinə yanar qarışıq doldurularaq döyüşdə atəş mərmisi kimi istifadə olunduğunu ehtimal edirlər. Beyləqan nümunəsi də bu maraqlı qab növünün Azərbaycanda yayıldığını və yerli dulusçuların onu yüksək ustalıqla hazırladığını göstərir.

Eksponat haqqında məlumat
Adı:
Beyləqandan sferokonus (XII-XIII əsrlər)
Dövr:
XII-XIII əsrlər
Tapıldığı yer:
Beyləqan, 1962
Ölçüləri:
hündürlüyü 18,8 sm, ağzının diametri 3,6 sm, gövdəsinin diametri 14,5 sm, oturacağının diametri 4,7 sm
İnventar nömrəsi:
AF 25198