Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda qorunan maraqlı tapıntılardan biri qədim Şamaxıdan aşkar edilmiş daş ritondur. İnsan və it başları ilə tamamlanan bu qab təxminən iki min ildən artıq əvvəl yaşamış insanların dini təsəvvürləri və ayinləri haqqında düşünməyə imkan verir.
Riton 1964-cü ildə qədim Şamaxıda aparılan arxeoloji qazıntılar zamanı tapılıb. Tapıntının müəllifi görkəmli arxeoloq Cabbar Xəlilov bu nümunəyə ayrıca məqalə həsr etmiş, onun dini mərasimlərdə içki qabı kimi istifadə olunduğunu ehtimal etmişdir. Alim ritonu e.ə. III-II əsrlərə aid etmişdir.
Qab yumşaq cinsli əhəngdaşından yonulub. Hündürlüyü 17 sm, oturacağının diametri 9 sm-dir. Gövdəsi zəngvari formadadır, yuxarı hissəsi isə iki insan başı və bir it başı ilə tamamlanır. Bu plastik təsvirlər ritonu adi məişət əşyasından fərqləndirir və onun xüsusi, mərasim məqsədli qab olduğunu göstərir. Qədim dünyada riton adlanan qablardan adətən ayinlər zamanı içki içmək və ya müqəddəs içkini nəzir kimi tökmək üçün istifadə edilirdi. Şamaxı nümunəsinin bədii tərtibatı da onun belə bir mərasimlə bağlı olduğu fikrini gücləndirir.
Riton bizə tam şəkildə gəlib çatmayıb və bərpa edilib. Buna baxmayaraq, o, qədim ustanın daşla işləmə bacarığını və dövrün bədii zövqünü aydın əks etdirir.
Tapıntı 2021-ci ildə arxeoloq, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli tərəfindən Muzeyin Arxeologiya fonduna daimi mühafizə üçün təhvil verilib. Muzey mütəxəssisləri ritonun elmi əhəmiyyətini nəzərə alaraq onun ekspozisiyada nümayiş etdirilməsini məqsədəuyğun hesab edirlər.