AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və epiqrafika” elmi-fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədovanın hazırladığı “Nizami dövrünün numizmatikası (Milli Azərbaycan Tarixi Muzeyinin materiallarına əsasən)” mövzusunda videoçarxda dahi Azərbaycan şairi Nizami Gəncəvinin (1141-1209) müasirləri olan hökmdarlar dövründə zərb edilmiş sikkələr əks edilmişdir.
Şairin “Xəmsə” toplusuna daxil etdiyi poemalarını ithaf etdiyi, hazırda Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda qorunan - şirvanşah I Əhsitan I ibn II Manuçehr (1160-1196), Eldənizlər dövlətinin hökmdarları - Muhəmməd Cahan Pəhləvan (1175 - 1186) və Nüsrətəddin Əbubəkr (1191 - 1211) dövründə Azərbaycan şəhər-zərbxanalarının (Ərdəbil, Şamaxı və b.) istehsalı olan belə sikkələrə İslami ifadələr, hökmdarların adları, titulları, istisna hallarda zərbxana və zərb tarixi həkk edilib. Videoçarxda belə sikkələrin müxtəlif tipləri, çəkisi, üzərindəki hərbi silahlar (yaba, ox və yay) haqqında məlumatlar təqdim edilib.
Videoçarx dahi şairin 880 illik yubileyinə həsr edilmişdir.