Muzeydə "Elmi macəralar saatı" adlı layihə çərçivəsində "Uşaqlar Gələcəyimizdir!" platformasının və muzey əməkdaşı Qənirə Qafarlının birgə təşkilatçılığı ilə Azərbaycanın bir çox bölgələrindən olan şagirdlər üçün H.Z.Tağıyevin ev muzeyinə virtual ekskursiya təşkil edilib. Platformanın rəhbəri, İstanbul Universitetinin doktorantı Sənan Əzimov bildirib ki, Platforma şəhid və qazi ailələrinin övladları başda olmaqla uşaqlar üçün müxtəlif dil və təlimləri təmənnasız həyata keçirir.
İlk olaraq layihənin müəllifi və təşkilatçısı Q.Qafarlı Muzeyin tarixi, yerləşdiyi bina, strukturu, ekspozisiyası, fondları haqqında ətraflı məlumat verib, gənc nəslə milli irsimizin təbliği və sevdirilməsi mövzusunda danışıb.
Sonra Muzeyin Elmi maarifləndirmə və ekskursiyalar şöbəsinin əməkdaşı Xədicə Hüseynovanın təqdimatında “Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi”nə virtual ekskursiya nümayiş olunub.
Virtual ekskursiyalar şagirdlər və müəllimlər tərəfindən böyük maraqla qarşılanıb. Layihənin məqsədi uşaq və yeniyetmələrin mədəni asudə vaxtının səmərəli təşkilində muzeylərin geniş fəaliyyət ənənələrinin, tarixi təcrübəsinin önəmini göstərmək və uşaqları fəal yaradıcılığa, tədqiqat işinə, axtarışlara yönəltməkdir.