AMEA Milli Azərbaycan Tarixi Muzeyində yaradılmış “Arxeo” klubunun “Arxeoloji incilərimiz: qazıntıdan fonda” adlı layihəsi çərçivəsində ilk tədbiri həyata keçirildi. Tədbiri açan “Arxeo” klubun rəhbəri Esmira Rəhimova klubun fəaliyyət istiqaməti, məram və məqsədləri, təşkil etdiyi tədbirlər haqqında geniş məlumat verib. Tədbir üçün seçilən mövzunun aktuallığından söhbət açıb. Daha sonra Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d Nasir Quluzadə layihənin mövzusu ilə geniş məruzə edib. Məruzədə arxeoloji abidələrin öyrənilməsi, qazıntıların aparılması, tapıntıların qeydiyyatı üsullarından bəhs edilmiş artefaktların informasiya yükü ilə bağlı zəruri məlumatlar klub üzvlərinin diqqətinə çatdırılmışdı.
Daha sonra məruzədə qazıntıdan fonda daxil olmuş tapıntıların kameral işlənməsi, sərgilənməsi və öyrənilməsi üsulları iştirakçıların nəzərinə çatdırılmışdı. Məruzə foto təqdimat və eksponatlarla əyani tanışlıq formatında aparılmışdı. Məruzənin sonunda klub üzvlərinin sualları cavablandırıldı. Layihə iştirakçıları məruzə ilə bağlı öz təəssüratlarını bölüşmüş, tədris prosesində aldıqları nəzəri biliklərin eksponatlarla əyani tanışlıq zamanı daha dərinləşdiyini və yeni-yeni məlumatlar əldə etdiklərini bildirmişlər. Layihənin həyata keçirilməsində əsas məqsəd “Arxeo” klubun nizamnaməsinə uyğun olaraq məktəblilərə və gənc nəslin digər nümayəndələrinə milli-mənəvi dəyərlərimizi daha da sevdirmək, onların arxeologiya sahəsində biliklərini artırmaq, maddi mədəni irsimiz və tarixi abidələrimiz haqqında təsəvvürlərini zənginləşdirməkdən ibarətdir.