Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun rəhbəri Sahibə Ələkbərova “Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!“ layihəsi çərçivəsində muzeyin könüllülərinin Füzuli rayonuna ekskursiyasını təşkil edib. Qeyd edək ki, Füzuli şəhəri 17 oktyabr 2020-ci il tarixində Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Könüllülər Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Elçın Əsədov tərəfindən yüksək səviyyədə qarşılanıb. S.Ələkbərova “Gənc muzeyşünaslar və muzeysevərlər klubu“nun üzvlərini direktora təqdim edib. Qeyd edib ki, “Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!” layihəsi çərçivəsində gənc muzeyşünaslar ilk dəfədir ki, işğaldan azad edilmiş rayonlarımıza səfər edirlər. Bu səfər onlarda yüksək əhval-ruhiyyə yaradıb, qalib ölkənin gəncləri olaraq bir daha qürur hissi keçiriblər. Layihənin ideya müəllifi və rəhbəri olan S. Ələkbərova layihə çərçivəsində işğaldan azad edilmiş bütün rayonlarn muzeylərinə belə ekskursiyaların təşkilini nəzərdə tutduğunu vurğlayıb. Gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasında layihənin əhəmiyyətli olacağını düşündüyünü deyib. O, bildirib ki, vətənpərvərlik sözlə, danışıqla hasil olmur, bu hiss əməldə özünü büruzə verməlidir. Yəni vətənpərvərəm deməklə iş bitmir, hər bir insan vətənpərvərliyini əməlləri ilə, gördüyü işlərlə sübut etməlidir. Bu baxımdan gənc muzeyşünasların vətənpərvərlik mövzusunda aktual olan “Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!”, “Tarix yazan qəhrəmanlar“ və “Muzeylərimizi tanıyaq və tanıtdıraq“ layihələrində fəal iştirak etməklə vətənə məhəbbət hisslərini əməlləri ilə ifadə edir, eyni zamanda digər gənclərə də nümunə olurlar. Qarşılanmadan sonra gənc muzeyşünaslar öncə Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyinin Bala Bəhmənli kənd filialı ilə tanış olublar. Qeyd edilib ki, muzeyin Bala Bəhməli kənd filialı 2003-cü ildə Bala Bəhmənli kənd sakini Əsədov Elçin İbadulla oğlu tərəfindən yaradılıb. Muzey 2006-cı ilə qədər Elçin Əsədovun şəxsi muzeyi kimi fəaliyyət göstərib. Muzeyin binası onun həyətində yerləşir. 19 iyun 2006-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri “Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyinin Bala Bəhmənli filialının yaradılması haqqında“ əmr imzalamışdır. Muzeydə 1000-ə yaxın tarixi eksponat sərgilənir. Eksponatların 90 %-i Elçin Əsədov, 10 %-i isə yerli əhali tərəfindən toplanmışdır. Toplanmış kolleksiya həqiqətən də Azərbaycan tarixinə və mədəniyyətinə aid çox sayda nadir əşyalardan ibarətdir. Adıçəkilən muzey Qarabağ ərazisində işğaldan sonra yaradılan birinci muzeydir.
Muzeyin qurucusu, II qrup Qarabağ əlili Elçin Əsədovla yaxından tanışlıq, onun muzey işi sahəsinə olan marağı, hətta bu marağın onu 52 yaşında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Muzeyşünaslıq” ixtisasına aparıb çıxarmasını söyləməsi tələbələrin böyük marağına səbəb oldu. Onun səmimi söhbəti və tövsiyələri tələbələrdə bu peşəyə marağı daha da artırdı. Elçin müəllim müəllifi olduğu, 2021-ci ildə işıq üzü görmüş “Bala Bəhmənlinin Böyük Tarixi” adlı kitabını S.Ələkbərovaya hədiyyə etdi. Çox yüksək təəssüratlarla Bala Bəhmənli kəndindən ayrılan gənc muzeyşünaslar Horadiz şəhərinə yola düşdülər. Orada onları Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyinin baş fond mühafizi Xalisə Məmmədova qarşıladı. Muzeylə yaxından tanış olan tələbələrə ekspozisiyada sərgilənən qiymətli eksponatlar və Füzulinin tarixi abidələri haqında geniş məlumat verildi. Bildirildi ki, Füzuli rayonunun ərazisində 2 dünya əhəmiyyətli arxeoloji abidə, 14 yerli əhəmiyyətli arxeoloji abidə, 4 ölkə əhəmiyyətli tarixi memarlıq abidəsi vardı. Qarabağ müharibəsi başlandığı dövrdən bəri müharibə şəraitində bu abidələrin çoxu erməni vandalizminə məruz qalmışdır. Qeyd edilmişdir ki, füzulililər Qarabağ müharibəsi zamanı rayonun tarixini, mədəniyyətini, adət-ənənələrini özündə əks etdirən Tarix-Diyarşünaslıq muzeyini odun-alovun içərisindən xilas etmişlər. Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyi 1981-ci ildə yaradılmışdır. İşğala qədər muzeyin 7000-ə yaxın eksponatı olmuşdu. 1993-cü ildə rayonun işğalı ilə əlaqədar muzeyin eksponatlarının çoxu xilas edilərək Bakı şəhərinə gətirilmişdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə Azərbaycan İstiqlal Muzeyinə təhvil verilmişdir. Muzey fəaliyyətini uzun müddət İstiqlal Muzeyində davam etdirmişdir. Keçirilmiş sərgilərdə fəxri fərmanlar almışdır. 2014-cü ilin 19 iyun tarixində Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə muzeyin eksponatları İstiqlal Muzeyindən təhvil alınaraq, Bala Bəhmənli kənd filialına verilmişdir. Horadiz şəhərində yeni muzey binası tikildikdən sonra muzey orada fəaliyyətini bərpa etmişdir. Heydər Əliyev fondunun təşəbbüsü ilə xüsusi memarlıq üslubunda tikilən bina bütün lazımi kommunikasiya xətləri və müvafiq avadanlıqla təhciz olunub.Muzeyin 300 m2 ekspozisiya zalı var.
Muzeydə Azıx mağarasının maketi və ibtidai icma dövründə istifadə olunan məişət və əmək alətləri nümayiş etdirilir. Bu eksponatların hamısı vaxtilə Füzuli rayonu ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunub. Tunc və dəmir dövrləri bölmələrində sərgilənən eksponatların böyük hissəsi isə qədim qəbirlərdən tapılıb. Ulu əcdadlarımızın döyüşlərdə istifadə etdikləri silah nümunələri, məişət avadanlıqlarının qalıqları orta əsrlər dövrünə aid bölmədə yerləşdirilib. Muzeyin əhəmiyyətini artıran mühüm amillərdən biri də burada Füzuli rayonunun etnoqrafik xüsusiyyətlərinin geniş əks olunmasıdır. Belə ki, muzeydə tarixin müxtəlif dövrlərində Füzuli sakinlərinin həyat tərzini və məişətini əks etdirən eksponatlar da sərgilənir. Dəmirçi, dulusçu və xalçaçı emalatxanalarının, evlərin kiçik maketləri əhalinin qədim dövrlərdəki yaşayış tərzini və məşğuliyyətini əks etdirir. Burada bir-birindən maraqlı məlumatlar əldə edən tələbələr daha sonra Horadiz şəhər Muğam Mərkəzinin üçüncü mərtəbəsində fəaliyyətini qismən bərpa etmiş Füzuli rayonu Qarğabazar kənd Tarix Muzeyində olublar. Orada onları muzeyin direktoru Nərminə Həmidova qarşılayıb. O, bildirib ki, muzey Bünyad Sərdarovun ev muzeyi kimi 01 yanvar 1985-ci il tarixində Qarğabazar kəndində açılıb. Bu muzeyin 500-dən çox eksponatı olmuşdur. Bu eksponatlar içərisində Bakıdan, Həştərxandan gətirilmiş sənədlər, fotoşəkillər üstünlük təşkil edirdi. Muzeyin sərgi otağında Bünyad Sərdarovun oğlu, Layihə İnstitutunun direktoru olmuş Sərdar Sərdarov və onun nəvələri haqqında da materiallar toplanılmışdı. Muzey sahəsi 60 m2. olan üç otaqdan təşkil olunmuşdu. Muzeyin bir xatirə otağı, iki sərgi otağı, bir foyesi və böyük həyətyanı sahəsi olub. Bağda Bünyad Sərdarovun heykəli də qoyulmuşdu. 1993- cü ildə Füzuli rayonunun və Qarğabazar kəndinin Ermənistan ordusu tərəfindən işğalı ilə əlaqədar muzeyin xilas edilmiş 250-yə yaxın eksponatı Bakı şəhərinə gətirilərək Azərbaycan İstiqlal Muzeyində qapalı şəraitdə saxlanılmışdir. 01 yanvar 2015-ci il tarixindən muzey Horadiz şəhər Muğam Mərkəzində 3-cü mərtəbədə fəaliyyətini qismən bərpa edib. Artıq Horadiz şəhərindəki Muğam Mərkəzində fəaliyyət göstərən Qarğabazar muzeyi füzulilərin və rayonun qonaqlarının ən çox ziyarət etdikləri məkanlardandır. Burada Füzuli rayonunun ən qədim yaşayış məskənlərindən olan Qarğabazar kəndinin tarixi, abidələri, görkəmli şəxsləri barədə foto və məlumatlar, kitablar, insanların yaşam tərzini, məşğuliyyətini özündə əks etdirən maddi-mədəniyyət nümunələri, qədim əşyalar sərgilənir. Füzuli rayonunun Qarğabazar kəndi qədim tarixi, memarlıq abidələri və görkəmli ziyalıları ilə tanınır. Kənddə aşkar edilmiş, eradan əvvəl II əsr - bizim eranın II əsrinə aid küp qəbirlər Qarğabazarın qədim yaşayış yeri olduğunu göstərir. Kənddə XVII əsrə aid Karvansara, Şah Abbas məscidi, hamam, XVIII və XIX əsrlərə aid türbələr, qədim kəhriz və s. var. Karvan yolu üzərində yerləşən kənddə sənətkarlıq və ticarət geniş inkişaf etmişdi. Qarğabazar kəndində ilk məktəb 1883-cü ildən, məktəbdə qızlar bölməsi isə 1911-ci ildən fəaliyyət göstərməyə başlayıb. Görkəmli maarif xadimi Pənah Qasımov, ictimai-siyasi xadimlər - Xanlar Səfərəliyev, Bünyad Sərdarov, professor Bahadur Eyvazov, akademik İbrahim İbrahimov Qarğabazar kənd məktəbinin məzunlarıdır.
Muzey, gənc muzeyşünaslarda Qarğabazar kəndi haqqında geniş təsəvvür yaratmaqla bərabər, maddi və mənəvi irsimizə, zəngin mədəniyyətimizə böyük maraq oyatdı. Şübhəsiz ki, gənc muzeyşünasların müxtəlif profilli muzeylərlə əyani tanışlığı, onların kadır kimi yetişməsinə təkan vermiş olur.
Qeyd edək ki, Füzuli rayonuna ekskursiya planına salınmış muzey rəhbərləri ilə görüş zamanı S.Ələkbərova onlara Milli Azərbaycan Tarixi Muzeyi adından muzeyin elmi nəşrlərini təqdim edib və layihənin keçrilməsinə dəstək olan hər kəsə öz təşəkkürünü bildirib.
Muzeylərə təşkil edilən ekskursiyaların sonunda tələbələr “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun daha bir layihəsi olan “Tarix yazan qəhrəmanlar” layihəsi çərçivəsində Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyinin baş fond mühafizi Xalisə Məmmədovanın Vətən Müharibəsində şəhid olmuş həyat yoldaşı Amil Hüseyinovun və digər Füzuli şəhidlərinin qəbirlərini də ziyarət ediblər.