Bizimlə öyrən
05 İyul, 2021
Muzeydə "Elmi macəralar saatı" layihəsi çərçivəsində interaktiv dərs təşkil olunub

AMEA Milli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə "Elmi macəralar saatı" layihəsi çərçivəsində " Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti" sərgisində eyni adlı interaktiv dərs təşkil olunub. Bu dəfəki dərsdə Müasir İnnovasiyalar liseyinin və Bakı şəhəri 328 nömrəli tam orta məktəbin şagirdləri iştirak edib. Dərs iki hissədən ibarət olub. Birinci hissədə İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Qənirə Qafarlı tərəfindən şagirdlərə sərgi əsasında Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti haqqında məlumat verilib. İkinci hissədə isə kvest təşkil olunub. Bu üsul oyun- tapmaca formasında keçirilir və şagirdlərdə yüksək fəallıq yaradır, şagirdlərin müşahidə etmək qabiliyyətini, təsəvvürünü, tarixi keçmişə olan marağını artırır.