23 avqust tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun rəhbəri Sahibə Ələkbərova “Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!“ layihəsi çərçivəsində muzeyin könüllülərinin Cəbrayıl rayon Tarix- Diyarşünaslıq Muzeyinə ekskursiyasını təşkil edib.
27 il bu gün təqvimimizdə və yaddaşımızda qara haşiyəli olub. Cəbrayıl və Fizuli sakinləri 27 il bu günü yurd itkisinin ağrısı, torpaq həsrətinin acısı ilə yad ediblər. Cəbrayıl rayonunun erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı rayon Tarix -Diyarşünaslıq Muzeyinin direktoru Tariel Abbaslının şəxsi təşəbbüsü ilə muzeyin əmlakının məhv olmasına imkan verilməmiş və o, erməni hücumları zamanı muzeyin eksponatlarını işğal altından çıxarmağa nail olmuşdur. Ümumilikdə o dövr üçün mövcud 17 mindən çox eksponatın təxminən 16 min ədədini düşmən işğalı altından çıxarmaq mümkün olmuşdur. Hazırda Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyətini Azərbaycan İstiqlal Muzeyində davam etdirir. Muzeyin nadir xalça nümunələri, qadın bəzəkləri və.s əşyaları İstiqlal muzeyinin Qarabağ zalında “Xilas olunmuş xəzinəmiz “ adı ilə nümayiş etdirilir. Könüllülərə Cəbrayıl rayon Tarix- Diyarşünaslıq Muzeyi haqqında, muzeyin direktor əvəzi Aytən Fərzəliyeva tərəfindən maraqlı məlumatlar verilmişdir.
31 avqust tarixində isə gənc muzeyşünaslar Qubadlı rayon Tarix -Diyarşünaslıq Muzeyini ziyarət ediblər. Təssüf ki, Qubadlı rayonu da 1993 – cü ilin avqustunda itirdiyimiz rayonlar sırasında idi. Burda onları Qubadlı rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Vaqif Babayev və muzeyin digər əməkdaşları qarşılayıb. S.Ələkbərova könüllüləri muzey əməkdaşlarına təqdim edib. Qeyd edib ki, ideya müəllifi və layihə rəhbəri olduğu “Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!” layihəsi çərçivəsində gənc muzeyşünaslarla birgə işğaldan azad edilmiş rayonların anım günlərində rayon Tarix -Diyarşünaslıq Muzeylərini ziyarət etməyi bir ənənə kimi davam edirlər. O, bildirib ki, bu günlər artıq işğal günü kimi geridə qalsada , soydaşlarımızın düşmən tərəfindən öz doğma yurdlarından didərgin salındığı gün kimi unudulmamalıdır.
Sonra muzey haqqında könüllülərə maraqlı məlumat verilib. Bildirilib ki, 1993-cü il avqust ayının 31-də Qubadlı rayonu erməni işğalçıları tərəfindən işğal olunan zaman, muzeyin eksponatları işğal zonasında qalaraq ermənilər tərəfindən vəhşicəsinə talan edilib.
1998-ci ildə muzey Sumqayıt şəhərində yerləşən “ 28 May Mədəniyyət evi”ndə öz işini bərpa edib. Sonra Qubadlı Rayon İcra Hakimiyyətinin qayğısı və diqqəti sayəsində muzey 2013-cü ilin avqust ayında Qubadlı Rayon İcra Hakimiyyətinin binasında müasir standartlara cavab verən geniş və işıqlı otağa köçürülmüşdür.Muzeyin fondu qədim və müasir dövrə aid eksponantlarla daim zənginləşdirilir. Demək olar ki, muzeydə vaxtaşırı sərgilər və hər kəsdə maraq yaradan guşələr təşkil edilir. Müstəqillik dövründə uğurlu addımlarını atan respublikamızın və rayonun inkişafı muzeyin stent və sərgilərində əks etdirilir. Qeyd edək ki, bu eksponatlar xalqımızın , xüsusən gənc nəslin vətənpərvərlik tərbiyyəsində önəmli rol oynayaraq, vətənə sonsuz məhəbbət hissi aşılayır.
Qeyd edək ki, rayon Tarix- Diyarşünaslıq Muzeylərinin rəhbərləri ilə görüş zamanı S.Ələkbərova onlara Milli Azərbaycan Tarixi Muzeyi adından muzeyin elmi nəşirlərini təqdim edib və layihənin keçrilməsinə dəstək olan hər kəsə öz təşəkkürünü bildirib.