Bizimlə öyrən
19 Oktyabr, 2021
Muzeydə "Elmi macəralar saatı" layihəsi çərçivəsində növbəti interaktiv dərs təşkil olunub
Milli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə "Elmi macəralar saatı" layihəsi çərçivəsində növbəti interaktiv dərs təşkil olunub. Muzeyin "Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti" sərgisində eyni adlı interaktiv dərsdə Sabunçu rayonu 128 nömrəli tam orta məktəbin şagirdləri iştirak edib.
Dərs iki hissədən ibarət olub. Birinci hissədə muzeyin Arxeologiya elmi-fond şöbəsinin əməkdaşı Mircavid Ağalarov tərəfindən şagirdlərə sərgi əsasında Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti haqqında məlumat verilib. İkinci hissədə isə İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Qənirə Qafarlı tərəfindən intellektual oyun təşkil olunub. Bu oyun kvest formasında keçirilib və şagirdlərdə müşahidə etmək qabiliyyətini, təsəvvürünü, tarixi keçmişə olan marağını artırıb.