Bizimlə öyrən
19 Oktyabr, 2021
H.Z.Tağıyevin Qızlar məktəbinin yaranmasının 120 illik ildönümünə həsr olunmuş növbəti ustad dərs keçirilib
Milli Azərbaycan Tarixi Muzeyi İnnovasiyalar və təhsil proqramları şöbəsi tərəfindən “H.Z.Tağıyevin Qızlar məktəbi – 120” adlı növbəti intellektual ustad dərs keçirilib. “Dünya” məktəbinin şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi çıxış edərək ustad dərsin əhəmiyyətindən danışıb.
Sonra muzey əməkdaşı Aynur Babayeva məktəblilərə foto-slayd nümayişi ilə H.Z.Tağıyevin qız məktəbinin yaranması haqqında məlumat verib. Bildirilib ki, Azərbaycanın dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında H.Tağıyevin Qız məktəbinin yaradılması böyük əhəmiyyətə malik tarixi hadisədir.
Sonra tədbir iştirakşıları ilə mövzu ətrafında viktorina keçirilib. Uşaqlar fəal iştirak edib sualları dolğun cavablandırıblar.
Daha sonra uşaqlar ustad dərsdə muzeyin bərpaçı mütəxəssisi Qənirə Məmmədova tərəfindən muzeyin eksponatı əsasında araxçının bir hissəsinin üzərində Azərbaycanın qədim milli ornamenti olan butanın tikmə qaydasını öyrəniblər. Proqrama uyğun olaraq məktəblilər muzeydə fəaliyyət göstərən H.Z.Tağıyevin ev muzeyi, “Anadır arzulara, hər zaman Qarabağ”, “Nizami Gəncəvi və Azərbaycan Atabəylər dövləti” adlı sərgilərinə ekskursiya ediblər. Sonda iştirakçılara muzeyin bukletləri hədiyyə olunub və sertifikatlar təqdim edilib.
Muzeydə keçirilən maarifləndirici ustad dərslər məktəblilərin xüsusi marağına səbəb olub.