Milli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə "Elmi macəralar saatı" layihəsi çərçivəsində növbəti interaktiv dərs təşkil olunub. Muzeyin "Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti" sərgisində eyni adlı interaktiv dərsdə İdrak liseyinin şagirdləri iştirak edib. Dərs iki hissədən ibarət olub. Birinci hissədə muzeyin Arxeologiya elmi fond şöbəsinin əməkdaşı Mircavid Ağalarov tərəfindən şagirdlərə sərgi əsasında Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti haqqında məlumat verilib. İkinci hissədə isə İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Qənirə Qafarlı tərəfindən intellektual oyun təşkil olunub. Bu oyun kvest formasında keçirilir və şagirdlərdə müşahidə etmək qabiliyyətini, təsəvvürünü, tarixi keçmişə olan marağını artırır. Kvest uşaqlar tərəfindən böyük maraqla qarşılanıb. Dərsdən sonra şagirdlər Hacı Zeynalabdin Tağıyevin ev muzeyini və İkinci Qarabağ müharibəsinə həsr olunmuş "Anadır arzulara hər zaman Qarabağ" adlı sərgini də ziyarət ediblər.