Milli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə "Elmi macəralar saatı" layihəsi çərçivəsində növbəti interaktiv dərs təşkil olunub. Muzeyin "Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti" sərgisində keçirilən növbəti interaktiv dərsdə Qobu rayonu 1 saylı tam orta məktəbin şagirdləri iştirak edib.
Dərs iki hissədən ibarət olub. Birinci hissədə muzeyin Arxeologiya elmi fond şöbəsinin əməkdaşı Mircavid Ağalarov tərəfindən şagirdlərə sərgi əsasında Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti haqqında məlumat verilib.
İkinci hissədə isə İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Qənirə Qafarlı tərəfindən intellektual oyun təşkil olunub. Bu oyun kvest formasında keçirilir və şagirdlərdə yaradıcı təxəyyülü, intellekti inkişaf etdirir və tarixi keçmişə olan marağı artırır.
Müasir təlimin başlıca vəzifələrindən biri öyrənməyi öyrətməkdir, yəni şagirdlər biliyi müstəqil əldəetmə bacarığına yiyələnməlidirlər. Belə ki, muzeyimizdə keçirilən interaktiv dərslər şagirdlərin maraq və tələbatlarına, bilik səviyyəsinə, imkan və qabiliyyətinə uyğun təşkil olunur, dərsdə problemli situasiya yaradılmaqla idrak prosesi, təfəkkür fəallaşdırılır.