Milli Azərbaycan Tarixi Muzeyinin elmi-kütləvi iş və təhsil şöbəsinin elmi işçisi Sahibə Ələkbərova rəhbərlik etdiyi “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun yeni üzvləri üçün “Erməni vandalizminin iç üzü” adlı daimi fotosərgiyə eskskursiya təşkil edib
. Ekskursiya “Muzeylərimizi tanıyaq və tanıtdıraq “ layihəsi çərçivəsində keçirilib. Bakı şəhəri, Nəsimi rayonunda təşkil olunan fotosərgi 2013-cü ildə “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri, Qarabağ qazisi Əlövsət Qasımov tərəfindən yaradılıb. Ə.Qasımov erməni əsirliyində hesab edilən, itkin düşdüyü güman olunan şəhidlərimizi döyüş meydanlarından çıxararaq, şəxsiyyətlərini müəyyən etmişdir. Onlardan 950 şəhidin nəşi məhz Ə.Qasımovun təşkilatçılığı ilə ailələrinə göndərilmişdir. O, erməni terroristləri tərəfindən tanınmaz hala salınmış, başı kəsilərək min bir işgəncəyə məruz qalmış şəhidlərimizin hər birinin fotoşəklini çəkərək, erməni vandalizmini ifşa edən çox qiymətli fotosalnamə yaratmışdır. Ə.Qasımovun fotosərgidə nümayiş olunan şəhid fotoları haqqında verdiyi məlumatlar gənc muzeyşünaslarda düşmənə nifrət, vətənə xidmət, xalqımıza məhəbbət hislərini daha da gücləndirib. Xocalı faciəsinin canlı şahidi olan Ə.Qasımov tələbələrin suallarını ətraflı cavablandırıb. Bu layihənin digər muzeylərin tanıdılmasında xüsusi əhəmiyyəti olacağını qeyd edib. Sonda S.Ələkbərova tədbirin təşkilinə görə klub adından Ə.Qasımova təşkkür edərək, fotosərginin gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsində xüsusi rolu olduğunu vurğulayıb. Fotosərginin daha geniş ictimaiyyət arasında təbliği istiqamətində işlərini davam etdirəcəklərini bildirib. Qeyd edək ki, müxtəlif profilli muzeylərə belə ekskursiyaların təşkili davamlı olaraq klub tərəfindən həyata keçrilir.