Versus.Az xəbər verir ki, 2020-ci ildə Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyi tamam olur. Muzeyin ilk fəaliyyət addımları 1920-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığının Məktəbdənkənar tədris şöbəsinin nəzdində 15 iyun tarixli qərarla yaradılmış Muzey-Ekskursiya yarımşöbəsi və onun tərkibində “Doğma diyarın tədris muzeyi” ilə bağlıdır.
1920-ci il 25 oktyabr tarixli sərəncam ilə ona “Azərbaycan SSR Dövlət Muzeyi” adı verilmişdir. Yarandığı ilk gündən mədəni-maarif və elmi-tədqiqat müəssisəsi kimi fəaliyyətə başlayan bu ilk dövlət muzeyi Azərbaycan xalqının tarixini əks etdirən maddi sərvətin ekspozisiya və sərgilərdə nümayişi, təblığı, toplanması, mühafizəsi, tədqiqi və nəşri ilə məşğuldur. Muzeyin fondlarında 300 000-dən artıq maddi abidə qorunur.
2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin birbaşa təşəbbüsü ilə dünya standartları səviyyəsində təmir və bərpa olunan muzeydə Azərbaycan tarixinin ən qədim dövrlərdən 1920-ci ilədək tarixini əks etdirən yeni ekspozisiya qurulmuşdur.
Muzeyin 8 zalında onun yerləşdiyi binanın sahibi Hacı Zeynalabdin Tağiyevin xatirə muzeyi də fəaliyyət göstərir. Məşhur sahibkar və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Azərbaycanın yeni dövr tarixinin ən parlaq şəxsiyyətlərinin biridir.