103 il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı, ordu yaradıldı, qadınlara ilk dəfə səsvermə hüququ verildi. Bir sözlə, Azərbaycanın gələcək uğurlu inkişafı üçün möhkəm zəmin yarandı.
Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.
Hal-hazırda Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi.
Həmçinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək 44 günlük Vətən müharibəsində ərazilərimizi düşmən tapdağından azad etdi. İndi həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız qalib ölkənin nümayəndələri kimi böyük qürur hissi keçirir və Respublika Gününü də Zəfər əhval-ruhiyyəsi ilə qeyd edirlər.
Qeyd edək ki, fotoda gördüyünüz bayraq Milli Azərbaycan Tarixi Muzeyi Silahlar və Bayraqlar fondunda qorunan (İnv.3192) tarixi Cümhuriyyət bayrağımızdır. Bu bayrağı Türkiyədə mühacirətdə olan Məhəmmədəmin Rəsulzadə 1952-ci ilin 28 May günü ərəfəsində hazırlamışdır. Bayrağı keçmiş mühacir Gülmirzə Bağırov qoruyub saxlamış, Bakıya gətirmişdir. 2003-cü ilin iyununda Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilmişdir. Muzeydə qorunan bu bayraq Cümhuriyyət dövrünün və Dövlət Bayrağının təbliği baxımından mühüm ictimai-siyasi əhəmiyyətə malikdir.
AMEA Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan xalqını 28 may-Respublika Günü ilə əlaqədar təbrik edir, xalqımıza xoş güzəran, ruzi-bərəkət, firavanlıq və əmin-amanlıq arzulayır.