3 noyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Bakıda fəaliyyət göstərən turizm şirkətləri və agentliklərinin nümayəndələri üçün infotur təşkil olunub.
İnfoturun məqsədi Muzeyin turizm potensialını tanıtmaq, onun Bakı üzrə turist marşrutlarına daxil edilməsini təşviq etmək və turizm sektoru ilə əməkdaşlıq imkanlarını genişləndirmək olub.
İnfoturu Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı aparıb. İştirakçılar Muzeyin ekspozisiyası ilə tanış olub, Azərbaycanın müxtəlif dövrlərini əks etdirən eksponatlar, ziyarətçilər üçün yaradılmış rəqəmsal və interaktiv imkanlar, eləcə də həyata keçirilən təhsil proqramları haqqında məlumat əldə ediblər.
Görüş zamanı kvest və kviz əsaslı proqramların, interaktiv fəaliyyətlərin maarifləndirici əhəmiyyəti diqqətə çatdırılıb. Həmçinin Muzeyin meneceri Kübra Dadaşova audiobələdçi və interaktiv məlumat köşklərinin imkanları, onların ziyarətçilərin ekspozisiya ilə daha rahat tanış olmasında rolu barədə məlumat verib. Bildirilib ki, audiobələdçi vasitəsilə məlumatları bir neçə dildə dinləmək, interaktiv məlumat köşkləri vasitəsilə isə eksponatlar haqqında Azərbaycan, ingilis, rus və türk dillərində əlavə məlumat əldə etmək mümkündür.
İnfoturun sonunda Muzeyin turizm marşrutlarına daxil edilməsi, turist qruplarının cəlb olunması və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.