Haqqımızda
Haqqımızda -
Hacı Zeynalabdin Tağıyevin ev muzeyi

Xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri H.Z.Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə bilmişlər. Muzeyi təşkil edən otaqlar bunlardır: 1) H.Z.Tağıyevin iş kabineti, 2) Şərq zalı, 3) kitabxana, 4) bilyard otağı, 5) yemək otağı, 6) məlumat otağı, 7) Sona xanım Tağıyevanın bəzək otağı - buduar, 8) yataq otağı, 9) təmizlik otağı.

Xatirə muzeyinin ekspozisiyası H.Z.Tağıyevin iş kabinetindən başlayır. Kabinet özünün sadə gözəlliyi ilə seçilir. Onun divarları qırmızı ağacdan düzəldilmiş panellərlə və naxışlı tünd yaşıl divar kağızı ilə bəzədilmişdi. Burada bilavasitə Hacının özünə məxsus kitab şkafı, yazı stolu, kreslo, stul və dolabla yanaşı köhnə ailəvi fotoalbom əsasında hazırlanmış digər əşyalar da vardır. Kitab şkafında Rusiya imperiyasının qanunlar toplusu, məlumat kitabları, ensiklopediyalar saxlanılır. Səhərlər kabinetdə Hacının köməkçiləri ona yerli, Rusiya, Avropa, eləcə də Şərq ölkələrində çıxan qəzetlərdən onu maraqlandıran məqalələri oxuyar, dünyada baş verən hadisələrdən xəbərdar edərdilər. Yazı stolunun arxasındakı divarda Hacının öz şəkli, solda isə Rusiya imperatoru II Nikolayın və onun xanımı Aleksandra Fyodorovnanın portretləri asılıb. Kabinetin pəncərələri ilə üzbəüz divarda isə rəssam Ayvazovskinin “Dənizdə fırtına” adlı əsəri asılıb. Hacının Müzəffərəddin şah Qacarla görüşünü əks etdirən portret də ev sahibinin yaşadığı günlərdə olduğu kimi əvvəlki yerində asılmışdır.

Yazı stolu ilə üzbəüz H.Z.Tağıyevin portretini görmək olar. Bakıda orta texniki məktəbin binasının tikilməsində göstərdiyi xidmətlərə, maddi yardıma görə şəhər duması H.Z.Tağıyevin portretinin sifariş edilməsi barədə qərar vermişdi. Əsər 1912-ci ildə görkəmli rəssam İ.Brodski tərəfindən çəkilmişdi. Burada H.Z.Tağıyev təltif edildiyi bütün medal və ordenlərdə əks olunub. Onların arasında Rusiyanın “Müqəddəs Stanislav” ordenləri, “Səyinə görə” üç qızıl medal, Qacarlar dövlətinin “Şiri xurşid” ordeni, Buxara Qızıl Ulduzu vardır.

İş kabinetindən Şərq zalına keçmək mümkündür. Sarayın iki ən böyük zallarından biri olan, qədim oriyental ornamentlərini özündə birləşdirən Şərq zalı gözəlliyi və möhtəşəmliyi ilə seçilir. Burada qəbullar, rəsmi müşavirələr və təntənəli mərasimlər keçirilirdi. Qapıları qoz, fıstıq, armud ağaclarından hazırlanmış Şərq zalı xüsusi zövqlə bəzədilmişdi. Buraya şəbəkəli stollar, stullar, royal, kreslolar və s. qoyulub. Zalın tavanına Quran ayələri yazılıb. Bu yazı və bəzəklərə 9 kiloqram qızıl işlədilib.

Nəhəng çil-çıraq və güzgülərin üzərindəki bralar zalı işıqlandırmaqla bərabər, onun gözəlliyini daha da artırır. Pəncərələrin bədənnüma şüşələrində H.Z.Tağıyevin ərəb hərfləri ilə adı və soyadı yazılmışdır. Zalın müxtəlif hissələrində rast gəlinən və müsəlman memarlığında geniş işlədilən altıgüşəli ulduz Süleyman peyğəmbərin üzüyünün qaşı formasındadır. İnanca görə, o, insanı pis nəzərdən qoruyur. Yuxarı hissədəki sütunlu tağlar möhtəşəm Şərq zalına xüsusi gözəllik verir.

Sütunlu tağların altından keçərək H.Z.Tağıyevin kitabxanasına daxil olmaq olar. H.Z.Tağıyev maarifçiliyin tərəqqisi üçün misilsiz səy və xidmətlər göstərmişdir. Onun vəsaiti hesabına görkəmli yazıçı və şairlərin, tarixçilərin əsərləri çap olunmuşdur. Tağıyev “Kaspi” qəzetini almış və onun sahibi olmuşdu; Quran Azərbaycan dilində ilk dəfə həmin qəzetin nəşriyyatında nəşr edilmişdi. Azərbaycanda “Nəşri-maarif”, “Nicat” və b. xeyriyyə cəmiyyətlərinin təsis edilib fəaliyyət göstərməsində Hacı böyük əmək sərf etmişdi.

Kitabxanada ağ rəngli, yumşaq, ipək oturacaqlı mebel dəsti, iki taxta stol, stullar və kreslolar, kitab şkafları yerləşdirilib. Kitab şkaflarında Rusiya imperiyasının qanunlar topluları saxlanılır. Xalça və pərdələr otağa xüsusi yaraşıq verir.

Kitabxananın sağında yerləşən qapı bilyard otağına aparır. Otağın ortasında bilyard stolu qoyulmuşdur. Buradakı arxası hündür gön-dəri divan, kreslolar istirahət üçün nəzərdə tutulmuşdur. Otağı xüsusi quruluşlu çil-çıraq bəzəyir.

Bilyard otağı və kitabxanadan çıxıb yenidən sütunlu tağlar olan guşəyə daxil olmaq olar. Buradan solda yerləşən qapı yemək otağına aparır. Otağın divarlarına məxməri-ipək parça çəkilmişdir. Ortada uzun düzbucaqlı masa və ətrafına oturacağı məxmərdən olan stullar qoyulub. Buxara əmirinin hədiyyəsi olan gümüşdən hazırlanmış üstü minalı qab dəsti burada nümayiş etdirilir. Şkaflarda H.Z.Tağıyevin Fransadan gətirdiyi və üzərində özünün venzeli olan xörək dəsti, gümüş bıçaqlar, büllur qədəhlər qoyulub. Otaqda həmçinin qoz ağacından düzəldilmiş, gözəl ornamentli böyük bufet yerləşir.

Bufetdən soldakı qapı interaktiv masa olan otağa aparır. Xatirə muzeyinin yeni ekspozisiyasında iriölçülü ekranda (touch screen) H.Z.Tağıyevin sahibkarlıq və ictimai fəaliyyəti, Azərbaycanda və onun hüdudlarından kənarda gördüyü xeyriyyə işləri, ailəsi haqqında məlumatlar yerləşdirilib. Həmin məlumatlar üç dildə – Azərbaycan, ingilis və rus dillərində təqdim olunur. İnteraktiv masanın üstünlüklərindən biri də eyni zamanda dörd ziyarətçinin orada qeyd olunan məlumatlarla tanış ola bilməsidir.

Bu otaqdan sağ tərəfdə yerləşən kiçik qonaq otağı H.Z.Tağıyevin ikinci həyat yoldaşı Sona xanıma məxsus idi. Hacı iki dəfə ailə qurub. Zeynəb xanımla birinci nikahdan onun üç övladı dünyaya gəlmişdi. Sona xanım general Balakişi bəy Ərəblinskinin qızı idi. Onun Hacı ilə nikahı 1896-cı ildə bağlanıb. Aralarında 40-dan çox yaş fərqinin olmasına baxmayaraq bu, xoşbəxt izdivac idi. Həmin nikahdan onların beş övladı doğulmuşdur.

Sona xanımın kiçik qonaq otağı öz gözəlliyi və orijinallığı ilə o birilərindən fərqlənir. Tavan fiqurlu güzgülü lövhəciklərdən quraşdırılmış, divarlar rəngarəng naxışlarla bəzədilmişdir. Otaq bəzən güzgülü zal da adlandırılır. Mərkəzdə orijinal dəyirmi divan yerləşir. Onun üstündə lampa üçün yer var. Burada həmçinin dördguşəli naxışlı stollar, yumşaq kreslolar və stullar qoyulub.

Qonaq otağından yataq otağına aparan ensiz dəhliz var. Yataq otağı iki hissədən ibarətdir. Onları bir-birindən şəbəkəli taxta arakəsmə ayırır. Birinci hissədə yuxarısı hündür, naxışlı ikiyataqlı çarpayı və trümo yerləşir. İkinci hissədə isə kiçik və dəyirmi stol, divan, kreslolar, stullar qoyulmuşdur. Otaq boyu xalça və pərdələr otağın gözəlliyini daha da artırır.

Yataq otağına bitişik balaca bir otaq var. Bu, təmizlik оtаğıdır. Burada güzgülü trümo, yumşaq kreslo, stol, paltar və rəfli şkaflar qoyulub. Trümonun üstündə bəzək əşyalarını görmək olar.