Muzeyin inciləri
Fətəli xan Xoyskinin əks olunduğu fotoneqativ
Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ fondunda Cümhuriyyətin ilk Baş Naziri Fətəli xan Xoyskini (1875-1920) əks edən fotoneqativ (inv. No 14781) saxlanılır. Foto 1907-ci ildə çəkilib, Muzeyə isə 1975-ci ildə daxil olub.
Xan nəslindən olan Fətəli xan Yelizavetpol (Gəncə) gimnaziyasını bitirdikdən sonra Moskva Universitetinin Hüquq fakültəsində təhsil alıb. İlk iş fəaliyyətinə Tiflis Məhkəmə Palatasında başlayıb. II çağırış Rusiya İmperiyası Dövlət Dumasının deputatı, Zaqafqaziya hökumətində maarif və ədliyyə naziri olub. Azərbaycan Cümhuriyyətinin elan olunmasından sonra ilk Baş Nazir və müxtəlif nazir vəzifələrində işləyib.
Fətəli xan Xoyski ömrü boyu Azərbaycanın inkişafı və ərazi bütünlüyünün qorunması üçün çalışıb. 1920-ci il aprel işğalından sonra Azərbaycanı tərk edərək Gürcüstana gedib. Lakin 19 iyun 1920-ci ildə Tiflisdə daşnak terrorunun qurbanı olub.
Fətəli xan Xoyski qısa, lakin parlaq bir ömür yaşadı, adını Vətən tarixinin salnaməsinə qızıl hərflərlə yazdı, Azərbaycana xidmət etdi. Cümhuriyyətin banilərindən biri oldu. Bugünkü Azərbaycan Respublikası da öz mövcudluğunu Fətəli xan Xoyski, M.Ə.Rəsulzadə, N.Yusifbəyli kimi Cümhuriyyət qurucularının istiqlal fəaliyyətinə borcludur.
Eksponat haqqında məlumat
Adı:
Fətəli xan Xoyskinin əks olunduğu fotoneqativ
Dövr:
1907-ci il
Tapıldığı yer:
Ölçüləri:
İnventar nömrəsi:
FNMF 14781