Milli Azərabaycan Tarixi Muzeyinin kolleksiyasında saxlanılan çoxsaylı bədii keramika nümunələri öz gözəlliyi və zənginliyi ilə fərqlənir. Bunların arasında olan təsvirli şirli qablar Azərbaycanda tarixən estetik cəhətdən yüksək sənətkarlıq ənənəsinin, mədəni-ticari əlaqələrin və müxtəlif dini-fəlsəfi təsəvvürlərin olduğunu təsdiq edir. Mütəxəssislərin yekdil rəyinə görə, Azərbaycanla qonşu olan ölkələrin heç birinin keramika sənətində, xüsusilə, süjetli təsvirlərin bu cür genişliyinə və rəngarəngliyinə təsadüf olunmur. Sənətkarın, həmçinin, estetik və bədii bacarığını nümayiş etdirən bu məmulat sırasında orta əsr Beyləqan şəhər yerindən – Örənqaladan arxeoloji qazıntılar zamanı aşkar olunmuş boşqablar keramika sənətinin olduqca maraqlı qrupunu təşkil edir. 1960-cı ilə arxeoloq Qara Əhmədov tərəfindən burada tapılan dabanlı şirli boşqab gildən hazırlanmış, bişirildikdən sonra qırmızımtıl rəng alınmış, qəhvəyi şirlə örtülmüş içərisində ağ fon üzərində nəbati naxışlar vurulmuşdur. Qabın mərkəzində ərəb əlifbası ilə onun ustasının – Bədəlin adının yazılması xüsusən əhəmiyyətlidir.