Muzeyin inciləri
İbrahimxəlil xanın şeşpəri
İbrahimxəlil xanın şeşpəri

Muzeyin fondlarında qorunan və Qarabağın xanlıq dövrünü əks etdirən zəngin material bu diyarın maddi-mədəni irsini, dövlətçilik tarixini öyrənmək baxımından olduqca əhəmiyyətlidir. Etnoqrafiya fondunda mühafizə olunan al-əlvan Qarabağ xalçaları, son Qarabağ xanı Mehdiqulu xanın qızı şairə Xurşidbanu Natəvanın olduqca gözəl əl işləri və geyimləri, yüksək bədii dəyərə malik güləbətin tikməli yəhərüstülər və başqa qiymətli material muzeyin inciləri sırasındadır. Qarabağ xanlığının dövlətçilik rəmzləri olan “pənahabadi” gümüş pulları, Numizmatika fondunun, Məhəmmədhəsən ağaya verilmiş medalın xatirə nüsxəsi Köməkçi materiallar fondunun, Mehdiqulu xana təqdim olunmuş bayraq, Şuşa qalasının açarı, eləcə də Qarabağ xanı İbrahimxəlil xanın hakimiyyət rəmzi kimi istifadə etdiyi şeşpər Silahlar və bayraqlar fondunun çox dəyərli eksponatlarıdır.

İbrahimxəlil xanın 67 sm uzunluğunda poladdan olan şeşpərinin üstü başdanbaşa nəbati naxışlarla, qızıl işləmələrlə bəzədilib. Pərləri yastı, badam ləpəsinə oxşar formadadır. Dəstəyi dəmirdəndir, səthi üç iri zolağa ayrılır, hər hissədə birbirini əvəz edən altı şaquli cərgədə qızılla işlənmiş nəbati ornamentlər təsvir olunub.

Eksponat haqqında məlumat
Adı:
İbrahimxəlil xanın şeşpəri
Dövr:
XVIII əsr
Tapıldığı yer:
Qarabağ
Ölçüləri:
Uzunluğu 67 sm.
İnventar nömrəsi:
SBF 704