XIX əsrin sonlarında Rusiyada zərgərlik fabriklərinin meydana gəlməsi, zinətlərin sənaye üsulu ilə hazırlanması, eləcə də xammal kasadlığının artması Azərbaycan zərgərliyinin inkişafına mənfi təsir göstərsə də, bununla belə yerli zərgərlərin mahir əllərinin hazırladıqları məhsullar öz milli koloriti, forma kamilliyi və zərifliyi ilə daha yüksəkdə dururdu. Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda qorunan, müxtəlif dövrlərdə istehsal edilən zərgərlik məmulatı yerli ustaların kamil sənətini, yüksək bacarığını nümayiş etdirir. Bunlardan tac kimi istifadə olunan, XIX əsrin sonlarına aid gəlin baş bəzəyi öz gözəlliyi ilə seçilir. Qızıl suyuna çəkilmiş gümüşdən hazırlanan, müxtəlif rəngli şüşə qaşlarla bəzədilən bu baş bəzəyinin çəkisi 996 qramdır.