1826-1828-ci illər müharibəsində dönüş nöqtəsi olmuş Yelizavetpol ətrafındakı qələbəni əbədiləşdirmək istəyən Rusiya hökuməti məşhur rus rəssamı Frans Ruboya (1856-1928) döyüşü kətan üzərində təsvir etməyi tapşırmışdı. Frans Rubo döyüşün gedişini və yerli şəraiti dəqiqliklə öyrənərək, möhtəşəm bir rəsm əsəri yaratdı. O, əsasən döyüşün kulminasiya anını – rus atlılarının Qacar piyadaları üzərinə qəti həmləsini təsvir etmişdir. Döyüşün qızğınlığını və dəhşətlərini, döyüşçülərin rəşadətini göstərmək üçün rəssam intensiv rənglər koloritindən istifadə etmişdir. Yağlı boya ilə çəkilmiş “13 sentyabr 1826-cı il Yelizavetpol ətrafında döyüş” əsəri üzərində işini Frans Rubo 1887-ci ildə tamamlamışdır. Həmin ildə rəsm əsəri Münhen Rəssamlar İttifaqının sərgisində nümayiş olunmuşdur. Tiflisdəki Hərb Tarixi Muzeyində saxlanılan əsər XX əsrin 20-ci illərində Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdir.