Nadir sənətkarlıq əsərlərindən biri də 1936-cı ildə arxeoloq-etnoqraf Ələsgər Ələkbərov tərəfindən Naxçıvanda, Şahtaxtı nekropolundan tapılmış polixrom rəsmli küpdür. Usta onun üzərini müxtəlif növ heyvan və quş rəsmləri ilə bəzədiyi üç zolağa ayırmışdır. Üst zolaqda bir-birinin arxasında irili-xırdalı qu quşları təsvir edilib. İkinci, nisbətən enli zolaq şaquli istiqamətdə çəkilən həndəsi naxışlarla iki hissəyə bölünmüşdür: bir hissədə keçilər, onlara hücum edən canavar, eləcə də müxtəlif heyvan və quşlar əks olunmuşdur; digər hissədə isə həmin heyvanlardan əlavə vəhşi eşşək və ya at təsvirləri də vardır. Üçüncü zolaqda isə küp bir-birinə bənd edilmiş romblarla əhatələnmişdir. Hündürlüyü 47 sm, gövdəsinin diametri 48 sm, ağız diametri 19,5 sm, oturacaq diametri 17 sm olan Şahtaxtı küpü muzeyin daimi ekspozisiyasında uzun illlərdən bəri nümayiş edilən, məxsus olduğu dövrün əkinci-maldar əhalisinin reallığı əks etdirən bədii təsəvvürünün əsrarəngiz məhsuludur.