Muzeyin inciləri
Təsvirli küp
Təsvirli küp

Orta tunc dövrünün etiqadlarını və inanclarını təsəvvür etmək üçün muzeyin ekspozisiyasında daimi yer tutmuş “Qaracəmirli küpü” adı ilə məşhur olan eksponatı müşahidə edək. Dövrün qədim incəsənətinin çoxsaylı təkrarolunmaz nümunələrindən olan bu küp 1989-cu ildə arxeoloq Münəvvər Hüseynova tərəfindən Şəmkir rayonundakı Qaracəmirli kurqanından tapılmışdır. Burada yaşayan yerli tayfaların dinifəlsəfi dünyagörüşündən və mənəvi aləmindən xəbər verən təsvirlərlə naxışlanan bu küpün xüsusi olaraq mərasim və ayinlər üçün istifadə edildiyini ehtimal etmək olar. Küp əldə səliqəli formalaşdırılıb. Oturacağı düzdür. Bişirildikdən sonra gili qaramtıl boz rəng alıb. Gövdəsi kürəşəkillidir. Dodaqlı ağıza və alçaq boğaza malikdir. Xarici səthi şüyrələnmişdir. Həmin dövrün incəsənətində geniş tətbiq olunan müxtəlif həndəsi naxışlarla bəzədilmiş qaracilalı digər qablardan fərqli olaraq bu küpün üstündə həmin naxışlarla yanaşı yerli tayfaların dünyagörüşündən xəbər verən təsvirlər – hakimiyyət rəmzi olan maral buynuzu, günəş rəmzi olan svastika, sonralar “çərxi-fələk” ifadəsində qalmış, sonsuzluq, əbədiyyət rəmzi olan çarx, zamanın sonsuzluğunu göstərən və ölməzlik mənasını verən spiralvari xətlər çəkilmişdir. Hündürlüyü 34 sm, ağız diametri 20,3 sm, gövdə hissəsinin diametri 40,5 sm olan Qaracəmirli küpü dövrün dulusçularının peşə bacarıqlarının səviyyəsini bilmək, bədii zövqlərinə bələd olmaq baxımından olduqca böyük maraq doğurur.

Eksponat haqqında məlumat
Adı:
Təsvirli küp
Dövr:
Orta tunc dövrü
Tapıldığı yer:
Qaracəmirli (Şəmkir)
Ölçüləri:
Hündürlüyü 34 sm, ağız diametri 20,3 sm, gövdə hissəsinin diametri 40,5 sm.
İnventar nömrəsi:
AF 21647