Sərgilər və tədbirlər
28 İyun, 2019
“Şəki: irsimizi yaşadan ulu diyar” sərgisi
28 iyun 2019-cu il tarixində AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Şəki: irsimizi yaşadan ulu diyar” adlı sərginin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, AMEA-nın Rəyasət Heyətinin və müxtəlif institutlarının, Milli Azərbaycan Tarixi Muzeyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin, N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Təhsil Muzeyinin, İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruq Muzeyinin, İçərişəhər Muzey Mərkəzinin əməkdaşları, KİV nümayəndələri iştirak ediblər.
Tədbiri açan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı qonaqları salamladı. Qeyd etdi ki, sərgidə yalnız Muzeyin fondlarında qorunan materiallardan ibarət eksponatlar nümayiş olunur. Burada 350 tarixi eksponat və bundan əlavə iki sikkə dəfinəsi (474 sikkə) sərgilənir. Eksponatlar Şəkinin qədim tarix və mədəniyyətini sərgiləyir. Şəki qədim milli-mədəni irsimizin qoruyucusudur. Nailə xanım qeyd etdi ki, Şəkinin UNESCO-nun siyahısına yaradıcı şəhər kimi düşməsini də arzu edir.
Daha sonra Muzeyin şöbə müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədov çıxış etdi. Bildirdi ki, sərgidə nümayiş olunan Muzeyin fond materiallarının 80%-i ilk dəfə ziyarətçilərə təqdim olunub. Nümayiş olunan arxeoloji, etnoqrafi, numizmatik materiallar, eksponatlar Şəkinin qədim və orta əsrlər dövrünü işıqlandırır. Yerli əhalinin e.ə. minilliklərdəki gündəlik həyatını, məşğuliyyətini, bölgənin qədim tayfalarından olan saklar dövrünə aid tarixini, Albaniya dövrünü, xristianlıq və islam mərhələsini, Şəki xanlığının tarixini özündə geniş əks etdirir. Şəki Xan Sarayının fotoşəkilləri, xanlığın bayraqları, silahlar və döyüşçü geyimləri təqdim olunur. Sərgidə Rus fotoqrafı D.Yermakovun (1845-1916) çəkdiyi fotoşəkillər göstərilir. Bu əsərlərdə yerli əhalinin həyat tərzi, sənətkar emalatxanaları, abidələr təsvir olunub. Həmçinin, maarifçilər - Rəşid bəy Əfəndiyevin, Əhməd bəy Nəbiyevin də çəkdiyi rəsm əsərləri, yazıları, kitabları nümayiş olunur. Şəkidə tikmə, təkəldüz və ipəkçilik sənətləri haqqında təqdim olunan eksponatlar, XIX-XX əsrin əvvəlinə aid geyimlər, zinət əşyaları ziyarətçilərdə dolğun təəssürat yaradır. XIX əsrə aid Quran əlyazması, məscidlərin fotoşəkilləri, Şəkinin ticarət həyatı, karvansaraları, qalaları, xüsusilə Labirint Muzeyi haqqında olan materiallar böyük maraq oyadır. Bölgənin dünya və Azərbaycan mədəniyyətindəki rolunu aydın təqdim edir. Sərgidə M.F.Axundzadənin və digərlərinin Şəkidəki ev muzeyləri haqqında da materiallar, onlara aid eksponatlar da göstərilir.
Sərgi ilə əlaqədar Muzeyin direktoru, akademik Nailə Vəlixanlı CBC TV, Lider TV və Mədəniyyət TV kanallarına geniş müsahibə verib. Bildirib ki, Şəki mədəni irsimizin daşıyıcısıdır. Buradakı kilsələr, məscidlər bölgənin qədim xristianlıq və islam tarixindəki rolunu aydın təqdim edir. Sərgidə nümayiş olunan Şəkinin tikmə, təkəldüz, xalçaçılıq, ipəkçilik, zərgərlik sənətinə məxsus eksponatlar böyük marağa səbəb olub. Sərginin keçirilməsində məqsəd də Şəkinin yaradıcı şəhər kimi beynəlxalq səviyyədə təbliği və tanınmasıdır.
Çıxışlardan sonra iştirakçılar sərgini ziyarət edib, eksponatlarla yaxından tanış olublar. Qeyd edək ki, Şəkinin qədim tarixini və mədəniyyətini əks etdirən Muzeyin fond materiallarından ibarət “Şəki: irsimizi yaşadan ulu diyar” adlı sərgi iştirakçılarda böyük təəssürat oyadıb. Sərgi 28 oktyabra qədər açıq olacaq.