Sərgilər və tədbirlər
25 May, 2018
“Azərbaycanın istiqlal müjdəçiləri” sərgisi

Bu gün Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycanın istiqlal müjdəçiləri” adlı sərginin açılışı olub. Sərginin təşkilində məqsəd 1918-1920-ci illərdə mövcud olmuş Cümhuriyyətin görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətini işıqlandırmaqdır. Tədbirdə AMEA Rəyasət Heyəti İctimai Elmlər bölməsinin akademik- katibi, akademik Nərgiz Əliyeva, tarixçi alimlər, muzey əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıldı. Sonra Muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış etdi. Nailə xanım öz çıxışında cənab prezident İlham Əliyevin Cümhuriyyətin 100 illiyinin keçirilməsi haqqında Sərəncamının əhəmiyyətindən bəhs etdi. Muzeydə qorunan Cümhuriyyət xadimlərinin zəngin eksponatlarının tariximizin tədqiqində oynadığı roldan danışdı. Sonra sərgidə iştirak edənlər mövzu ilə bağlı çıxış etdilər.

Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən Azərbaycan Cümhuriyyəti ilə bağlı Muzeydə qorunan eksponatlara həsr olunmuş “Azərbaycan Cümhuriyyəti tarixinin yadigarları” adlı kataloq hazırlanmışdır. Sərgi iştirakçılarına kataloq barəsinə ətraflı məlumat verilmişdir. Daha sonra Azərbaycan Cümhuriyyətinin tədqiqi və təbliğinə töhfə vermiş, həmçinin, sərginin təşkilində iştirak etmiş şəxslərə Muzey adından təşəkkürnamələr təqdim edildi. Sərgiyə baxış keçirildikdən sonra qonaqlara Azərbaycan Cümhuriyyətinə həsr olunmuş kataloq və “İRS – Heritaje” beynəlxalq jurnalı paylandı.

Sərgidə qurulmuş 13 iriölçülü informasiya panelində Cümhuriyyətin siyasi, ictimai, hərbi liderlərinin bioqrafiyaları, həyata keçirdikləri tədbirlər barəsində məlumat verilir, fotoları təqdim edilir. Sərgi zalında qurulmuş digər 30-dan artıq panellərdə Cümhuriyyət xadimlərinin, o cümlədən, bir neçəsi ilk dəfə işıq üzü görmüş tarixi fotoşəkilləri nümayiş etdirilir. Ayrıca, panellərdə Cümhuriyyətin 300-dən artıq xadiminin adı, soyadı, atasının adı göstərilir, fəaliyyət sahəsi barədə məlumat verilir. Zalın baş tərəfində Dövlət Bayrağının təsviri, həmçinin, heykəltəraş Elşən Sərxanoğlunun müəllifi olduğu “İstiqlal müjdəçisi” adlı heykəl nümayiş etdirilir.

Sərgidə, həmçinin, Cümhuriyyətin görkəmli xadimlərinə məxsus olmuş və Muzeyin fondlarında saxlanılan tarixi eksponatlar vitrinlərdə nümayiş olunur.

Sərgidə, o cümlədən, Məhəmməd Əmin Rəsulzadənin Muzeyə bu günlərdə hədiyyə olunmuş məktubları da göstərilir. Sərgidə, həmçinin, təkcə Muzeyin fondlarında olan deyil, fərdi kolleksionerlərdə olan materiallar da nümayiş olunur. Belə ki, kolleksioner Dilqəm Əhmədin Məhəmməd Əmin Rəsulzadə ilə bağlı eksponatları, İlqar Rəhimovun kolleksiyasından Azərbaycan Cümhuriyyəti Ordusunun zabitinin paqonu və ona aid foto, Gülnarə Abdullayevanın kolleksiyasından Cümhuriyyət xadimləri - Həsən bəy Ağayev və Əhməd bəy Pepinova məxsus eksponatlar göstərilir. "Azərbaycanın istiqlal müjdəçiləri" adlı sərgi Cümhuriyyətin 100 illiyinə ən dəyərli töhfədir.

Sərgi 2018-ci il sentyabrın 5-dək davam edəcək.