Kolleksiyalar və incilər
26 Fevral, 2021
Xocalı Soyqırımının 29-cu ildönümünə həsr olunmuş "Xocalı - Zəfərə gedən yol!" adlı videoçarx
Videoçarxda Xocalı həqiqətlərini Respublikanın 11 məktəb və liseyinin - S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının, Nərimanov rayon 212 saylı məktəbin, Nəsimi rayon Texniki-Humanitar liseyin, Zəngilan rayon 29 nömrəli tam orta məktəbin, Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin, Tovuz şəhər Mahir Ələkbərov adına tam orta məktəbin, İsmayıllı şəhər 5 saylı tam orta məktəbin, Füzuli rayon 1 nömrəli tam orta məktəbin, Sabunçu rayon 128 nömrəli tam orta məktəbin, Suraxanı rayon 141 nömrəli tam orta məktəbin ümumilikdə 40 şagirdi 3 dildə (Azərbaycan, ingilis, rus dillərində) səsləndirib.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini zəbt etmiş, dinc əhaliyə soyqırım etmişdirlər. Bu qırğının nəticəsində 613 nəfər, o cümlədən uşaq və qadınlar, yaşlı insanlar həlak olmuş, 150 nəfər itkin və 1275 nəfər girov düşmüşdür.
Azərbaycan Respublikasının Milli Məclisi fevralın 26-nı "Xocalı soyqırımı günü" elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.
Ulu öndər Heydər Əliyev Xocalı faciəsi haqqında demişdir: “Bütövlükdə Azərbaycan xalqına yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası nəticəsində artıq dünyanın bir neçə ölkəsi Xocalı faciəsini dəhşətli soyqırım kimi qəbul ediblər.
Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli iradəsiylə başlanmış İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatmışdır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Bu haqq döyüşündə tarix yazan Azərbaycan Ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının cəlladları da vardı. Tarixi qələbə qazanan ordumuz bu qətliamın günahsız qurbanlarının qisasını aldı. Qarabağ uğrunda həlak olan şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu. İdeya müəllifi Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Qənirə Qafarlıdır.