19 may 2021-ci il tarixində Milli Azərbaycan Tarixi Muzeyində “Anadır arzulara hər zaman Qarabağ” adlı sərginin açılışı keçirildi. Belə ki, Azərbaycanın Vətən müharibəsində parlaq qələbəsi və torpaqlarımızın azad edilməsinə həsr olunmuş sərgi döyüş iştirakçılarına məxsus olmuş eksponatlar əsasında qurulmuşdur. Açılış tədbiri karantin şəraitini nəzərə alaraq məhdud sayda iştirakçı ilə təşkil edilmişdir.
Sərgidə 2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşlərinin iki qəhrəmanı (general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev), həmçinin Vətən müharibəsinin 101 şəhid və qazisinin əşyaları nümayiş olunur. Burada hərbi uniforma, ləvazimat, qəlpə və güllələr, şəxsi sənədlər, fotoşəkillər göstərilir. Sərginin hər bölməsində müvafiq informasiya panelləri yerləşdirilmişdir. Sərgidə Azərbaycan istehsalı olan “İti qovan” pilotsuz uçuş aparatının orijinal ölçülü maketi qurulmuşdur.
Sərgidə Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizik Xidməti, Dövlət Sərhəd Xidməti, DİN Daxili Qoşunları, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Mina Təmizlənmə Agentliyi tərəfindən təqdim edilmiş eksponatlar da nümayiş olunur.
Sərgidə həmçinin Ermənistan ordusundan qənimət götürülmüş hərbi geyim, ləvazimatlar və s. nümayiş olunur.
Ümumilikdə sərgidə 30 vitrində 557 eksponat, 12 informasiya- məlumat paneli, 7 iriölçülü banner, 204 ədəd fotoşəkil nümayiş olunur.
Həmçinin “Anadır arzulara hər zaman Qarabağ” sərgisinin tərkib hissəsi kimi təşkil olunmuş “Ermənistanın dövlət terrorizmi azərbaycanlı fotoqrafların obyektivində” adlı fotosərgidə 44 günlük müharibə dövründə Azərbaycanın dinc şəhər və kəndlərinə vurulmuş raket-artilleriya zərbələrinin nəticələri, eləcə də 30 ilə yaxın müddətdə işğal olunmuş ərazilərdə həyata keçirilmiş siyasəti nümayiş etdirən 7 fotoqrafın çəkdiyi 50 ədəd fotoşəkil, Gəncə və Bərdəyə vurulmuş raket zərbələrini nümayiş etdirən onlarla eksponat, 4 iriölçülü diorama nümayiş olunur.