Sərgilər və tədbirlər
17 İyun, 2021
“Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” sərgisi

2021-ci ildə dahi Azərbaycan şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli sərəncamı ilə 2021-ci ili Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan etmişdir. Həmçinin Azərbaycan dövlətçiliyinin inkişafında böyük rol oynamış Azərbaycan Atabəyləri dövlətinin yaranmasının bu il 885 yaşı tamam olur. Yuxarıda deyilənləri nəzərə alaraq, AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti”  adlı sərgi təşkil olunmaqdadır.

Sərginin məqsədi dahi Nizami Gəncəvi və onun yaşadığı dövlətin həyatını tarixi eksponatlar vasitəsilə nümayiş etdirməkdir. Sərginin kuratoru  Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri Səbuhi Əhmədov xəbər verib ki, ümumilikdə sərgidə nümayiş olunmaq üçün 250 eksponat seçilmişdir.

Sərgidə Muzeyin Arxeologiya, Etnoqrafiya, Köməkçi tarixi fənn materialları, Numizmatika, Xüsusi, Silahlar və bayraqlar fondlarında və Kitabxanada qorunan tarixi eksponatlar istifadə edilmişdir.

Eksponatlar XII – XIII əsrin əvvəllərinə aid olub Azərbaycanın əsasən Gəncə, Beyləqan, Bərdə, Mingəçevir, Şabran, Naxçıvan şəhərlərində aşkar olunmuşdur. Bəzi eksponatlar ilk dəfə olaraq ziyarətçilərə təqdim olunacaq. Misal üçün, nümayiş olunan eksponatlar sırasında əski əlifba ilə hazırlanaraq 1909-cu ildə Gəncədə nəşr olunmuş müəllifi Mirzə Məhəmməd Axundov olan “Şeyx Nizami. Tərcümeyi-halı” kitabçası xüsusi maraq doğurur.