Sərgilər və tədbirlər
28 Oktyabr, 2022
"Azad Şuşanın ilk qarı" fotosərgisi
Muzeydə "Azad Şuşanın ilk qarı" adlı fotosərginin açılış mərasimi keçirildi

28 oktyabr 2022-ci il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Qarabağın incisi olan Şuşaya həsr olunmuş "Azad Şuşanın ilk qarı" adlı fotosərginin açılış mərasimi keçirilib.

Tədbirin aparıcısı muzeyin Beynəlxalq Əlaqələr və İctimaiyyətlə İş şöbəsinin baş mütəxəssisi Zümrüd İsmayılova idi.

İlk olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə fotoqraflar, rəssamlar, tələbələr, muzey əməkdaşları, KİV və müxtəlif ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Cabbarov sərginin əhəmiyyəti barədə ətraflı çıxış edərək, fotoların müəllifi, muzeyin əməkdaşı Mirnaib Həsənoğluya öz minnətdarlığını bildirdi. Həmçinin, F.Cabbarov yaxın zamanlarda açılış mərasimi gözlənilən, Şuşaya həsr olunmuş muzeyin zəngin kolleksiyasından ibarət böyük sərgisi haqqında da qonaqlara məlumat verdi.

Daha sonra peşəkar fotoqraf Mirnaib Həsənoğlu sərgilənən fotolar haqqında öz təəssüratlarını qonaqlarla bölüşdü. M.Həsənoğlu, həmçinin, Şuşanın işğaldan azad olunmasından sonra 2020-ci ilin dekabr ayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutan Şuşaya ilk səfəri haqqında danışdı.

Fotosərgidə 18 dekabr 2020-ci il tarixində çəkilmiş, Şuşa şəhərinə yağan ilk qara həsr olunmuş 50-dən çox fotolar təqdim olunub.

Sərgi Azərbaycan tarzəni, Azərbaycanın ilk xalq artisti Qurban Pirimovun nəticəsi Asim Pirimovun ifası ilə davam edib.

Sərgiyə giriş sərbəstdir.