Sərgilər və tədbirlər
02 İyul, 2026
«Bakı. 1926: Dil, Fikir, Birlik» sərgisi

2 iyul 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş «Bakı. 1926: Dil, Fikir, Birlik» sərgisinin açılışı keçiriləcək. Sərgi Milli Azərbaycan Tarixi Muzeyi və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə baş tutacaq.

Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini, türk xalqlarının ortaq mədəni irsini və türkoloji elmin inkişaf mərhələlərini əks etdirən sərgidə türk xalqlarının ortaq mədəni kökləri, XIX–XX əsrlərdə əlifba islahatı, Azərbaycan Xalq Cümhuriyyətinin dil siyasəti, Yeni Türk Əlifbası hərəkatı, 1926-cı il Birinci Türkoloji Qurultayı, 1937–1938-ci illərin repressiyaları və müstəqillik dövründə türk dünyasının yenidən inteqrasiyası mövzuları təqdim olunacaq.

Sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin fondlarında mühafizə olunan nadir sənədlər, Qurultayın rəsmi protokolları, hesabatlar, dövri mətbuat materialları, həmçinin professor Ədalət Tahirzadənin şəxsi kolleksiyasından fotoşəkillər və digər tarixi mənbələr nümayiş etdiriləcək.

Sərgi Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunacaq və türk xalqlarının ortaq elmi-mədəni irsinin təbliğini, eləcə də türkoloji fikir tarixinin geniş ictimaiyyətə təqdim edilməsini hədəfləyəcək.

Təşkilatçılar bütün maraqlananları sərginin açılışına dəvət edirlər.

Giriş sərbəstdir