Muzarxivin 1920-ci ildə qəbul olunmuş ilk “Əsasnamə”sinə görə Azərbaycan Dövlət Muzeyinin ilk dövr strukturunda Arxeologiya, Tarix və Etnoqrafiya şöbəsinin yaradılması nəzərdə tutulurdu (müdiri Y.A.Paxomov). Buna baxmıyaraq müxtəlif toplama vasitələri ilə şöbəyə etnoqrafik materiallar daxil olsa da, bu sahədə əsas işlər yalnız 1925-ci ildə muzeyin yeni “Əsasnamə”si qəbul olunduqdan, 1925-1926-cı illərdə Gəncə və Nuxa (Şəki), o cümlədən Qutqaşen (Qəbələ), Vartaşen (Oğuz) və Vardanlı ərazilərinə təşkil edilən etnoqrafik ekspedisiyalardan sonra başlandı. Məhz bu səfərlərin nəticəsində Etnoqrafiya yarımşöbəsi 155 ədəd eksponat əldə etdi; artıq 1928-ci il məlumatına görə inventar kitabında ilk eksponatı 1926-cı il tarixində qeydə alınan bugünkü Etnoqrafiya fondunun sələfi olan yarımşöbənin saxlancında 606 etnoqrafik material vardı. Elə o il Tarix- Etnoqrafiya şöbəsi Azərbaycanın etnoqrafik xəritəsini tərtib etmək məqsədilə material toplantısına başladı. 1929-cu ildə hələ əvvəlki ildə başlamış yenidənqurma işlərindən və cari təmirdən sonra Tarix- Etnoqrafiya şöbəsində (müdiri N.N.Pçelin) yeni yarımşöbə - Müasir məişət yarımşöbəsi açıldı. Muzeyin ekspozisiyasında dövrü mətbuatda “Azərbaycan kustarçılarının əsl şedevr əsərləri” adlandırılan xalçalar nümayiş olundu. Lakin totalitar rejimin başçılıq etdiyi Sovet cəmiyyətində baş verən dəyişikliklər, tar, muğam, çadra, papaq və s. ətrafında başlanan diskussiyalar muzeyin strukturuna və ekspozisiyasına da ciddi təsir göstərdi; bütün muzey materialı iki şöbə arasında bölündü. Etnoqrafik materialın da daxil olduğu Azərbaycanın maddi mədəniyyət şöbəsinin (müdiri A.R.Zifeldt-Simumyaqi) yeni dövrə uyğunlaşdırılan əkinçilik təsərrüfatı və sənətkarlıq kəndi sektoruna Mariya Quliyeva, köçəri və yarımköçəri təsərrüfat sektoruna İshaq Cəfərzadə rəhbərlik etdilər. Azərbycan tarixi və etnoqrafiyası problemlərinin o dövrdə lazımi səviyyədə öyrənilməməsi etnoqrafik ekspozisiyada da öz əksini tapdı.
1936-cı ildə muzeyin həyatında baş verən köklü dəyişiklik- Dövlət Muzeyinin Azərbaycan Tarixi Muzeyi adı ilə fəaliyyətə başlaması Etnoqrafiya fondunu bu dəfə Azərbaycan feodalizm tarixi sektoruna (müdiri V.N.Leviatov) təhkim etdi. Fondları zənginləşdirmək məqsədilə intensiv işlərin başlandığı bu illərdə etnoqrafik və tarixi materialın toplanmasına xüsusi diqqət verildi. 1939-cu ilin 1 yanvarına olan məlumata görə Etnoqrafiya fondundakı eksponatların sayı 1676 ədəd olub. Həmin illər muzeyin filialı olan Şirvanşahlar sarayında təşkil olunmuş sərgiyə XIX əsr Azərbaycan tarixinə dair 500-dən artıq etnoqrafik eksponat təqdim edildi. Fond XIX əsr Azərbaycan yaşayış evlərinə və tikmələrinə aid 5 albom tərtib etdi, Abşeronun xalça və tikmələri üçün izahedici mətnlə 13 albomluq material toplandı. 1938-ci ildə Gəncə və Şuşaya göndərilmiş etnoqrafik ekspedisiyalar azərbaycanlıların həyat və məişətinə dair zəngin material , o cümlədən qədim parça məmulatı, yüksək bədii dəyərə malik tikmələr , kəlağayı qəlibləri və s. əldə etdilər. Artıq 1 dekabr 1940-cı il məlumatına görə Etnoqrafiya fondunda qorunan eksponatların sayı 3057 ədədə çatmışdır. 1941-ci ildə B.O.Abdullayeva (ekspedisiyanın rəhbəri) və rəssam V.Sostrovenesin daxil olduqları etnoqrafik ekspedisiyanın Bərdə, Ağdam, Ağcabədi, Laçın, eləcə də Dağlıq Qarabağda topladıqları materiallar fondun tərkibini daha da zənginləşdirdi. 1943-cü ilin avqustuna olan məlumata görə fonddakı materialın sayı 3498-ə çatdı, sonrakı illərdə də muzey arxeoloji tədqiqat işləri ilə yanaşı etnoqrafik səfərləri davam etdirdi. Bu işdə həmin illər Etnoqrafiya fondunun müdiri olan Z.Kilçevskaya xüsusi fəallıq göstərdi. Bu səfərlərin nəticəsi olaraq ,o, Azərbaycanın XIX əsr tikmələrinə dair məqalə və albom, Şuşa, eləcə də bütün Qarabağa aid qadın və kişi geyimlərinin təsvirinə dair məqalələr hazırladı.
Ötən ilin 50-ci illərindən artıq Azərbaycan SSR Elmlər Akademiyasının struktur vahidi olan Muzeyin Etnoqrafiya fondu bu gün onun ən zəngin fondlarından biridir. Fondda mühafizə edilən eksponatların ümumi sayı 9047 saxlama vahididir. Burada qorunan ən qədim eksponatlar XII əsrə aid şamdan, həvəng və manqaldır. XV-XVIII əsrlərə aid, öz forma və məzmun zənginliyi baxımından daha maraqlı olan eksponatlar arasında mis qablar, ipək parça və ağacişləmə sənəti nümunələri diqqəti xüsusilə cəlb edir. XVII əsrə aid ipək parça üzərində işlənmiş nadi miniatür mütəxəssislərin , eləcə də tamaşaçıların böyük marağına səbəb olmuşdur. Bu materialların əksəriyyəti ekspozisiyanın Səfəvilər dövrü tarixinin işıqlandırılmasında istifadə olunur. Fondda qorunan və Azərbaycan xalqının məişət mədəniyyətinin bütün sahələrini əhatə edən eksponatların böyük qismi XIX-XX əsrin əvvəllərinə aiddir. Xalqımızın istehsal ənənələrini özündə yaşadan mis, saxsı, ağac məmulatı, parça və xalça nümunələri milli dəyərlərimizin araşdırılması üçün əvəzsiz elmi bazadır. Fondda Azərbaycan ərazisındə yaşayan etnik milli azlıqların , müxtəlif millətlərin məişətinə məxsus əşyalar da qorunur. Müxtəlif dövrlərdə Hökumətə, ayrı-ayrı təşkilatlara və Muzeyə hədiyyə olunmuş xalça və xalça məmulatları da Etnoqrafiya fondunda mühafizə olunur. Burada həmçinin Azərbaycan xalqının maddi mədəniyyətinin əsas göstəricilərindən olan milli geyimlərin zəngin kolleksiyası da toplanmışdır. XVIII əsrə aid Əfşarlara məxsus gümüş işləməli kişi çəpkəni, XIX əsrə aid Qarabağa məxsus baharı, Xurşud Banu Natavana məxsus geyimlər və b. böyük tarixi və bədii əhəmiyyət kəsb edir.
Ötən əsrin 50-ci illərindən başlayaraq Etnoqrafiya şöbəsinə M.Quliyev, Ə.Abdullayev, Ə.İzmaylova rəhbərlik etmişdir. Z.A Kilçevskaya, M.Cəbrayılova, N.Mehdiyeva, A.Dadaşova, A.Rüstəmbəyova, S.Nəsirova Etnoqrafiya şöbəsinin tərkibində olan Etnoqrafiya fondunun mühafizləri olmuşlar. 2006-cı ildən şöbə “Etnoqrafiya elmi-fond şöbəsi” adlanır və həmin dövrdən bu günə qədər şöbəyə tarix üzrə fəlsfə doktoru Gülzadə Abdulova rəhbərlik edir.
Fondun materiallarının zənginləşdirilməsində ayrı-ayrı illərdə toplama və satınalma yolu ilə əldə edilən mədəni irs nümunələri ilə yanaşı bu gün də davam etdirilən etnoqrafik ekspedisiyalar mühüm rol oynamışdır. Bu ekspedisiyalarda V.F.Trofimova, Z.Kilçevskaya , S.Qazıyev, H.Quliyev, Ə.İzmayılova, G.Abdulova və b. iştirak etmişdir.
Azərbaycana aid Norveç, Almaniya (DREZDEN), Vatikan, Çexiyanın Ostrava və Praqa şəhərlərində keçirilən sərgilərin təşkilində fondun materiallarından geniş istifadə olunmuşdur. Muzeydə keçirilən “Qafqaz İslam ordusu-90” (2008), “Muğam aləmi” (2009), “Bakı-İslam mədəniyyətinin paytaxtı” (2009), “Azərbaycanın qədim mədəniyyət ocağı - Qarabağ” (2010), “Milli Azərbaycan Tarixi Muzeyinin inciləri” (2010), “Muzey əşyalarının ikinci həyatı” (2011), “Azərbaycan süfrəsinin mis qabları” (2013), “Arşın mal alan - 100” (2013), “Dost ellərin hədiyyələri” (2014), “Azərbaycan qadın bəzəkləri”, “Azərbaycanın neft salnaməsi” (2014), “Şəki: irsimizi yaşadan ulu diyar” (2019), Şirvanşahlar sarayında keçirilən “Şirvanşahlar irsi dünya muzeylərində”(2019), Böyük Vətən müharibəsinin 75 illiyinə həsr olunmuş “Millət sizə minnətdardır” (2020) sərgilərində fondun materialları təqdim olunmuşdur.
Fond materiallarına dair "Azərbaycan tikmələri" (1970-ci il, rus dilində), "Ковры и ковровые изделия "(1970-е годы), "Azərbaycan milli geyimləri"(1970-ci il, rus dilində), “Чеканные медные изделия” (1970-е годы) “Azərbaycan tikmələri” (1971), “Azərbaycan milli geyimləri” (1972), “Xurşid Banu Natəvan - 180” (2012), “Mirzə Fətəli Axundzadə - 200” (2012), “Qarabağ xalçaları” (2013), “Bakı, Şirvan, Quba xalçaları” (2013), “Azərbaycan süfrəsinin mis qabları” (2013), “Azərbaycan qadın geyim bəzəkləri”(2016), “Keçmiş məişətə səyahət - ətriyyat, kosmetika, aksesuarlar” (2018), “Gözəllik ondur” (2020) kitab-albomları, “Azərbaycan milli kişi geyimləri”(2020) monoqrafiyası çap olunmuşdur.