1920-ci ildə Milli Azərbaycan Tarixi Muzeyinin xələfi olan Dövlət muzeyinin yaranması ilə burada foto-studiya təşkil olunur. Müsadirə Komissiyasının muzeyə hədiyyə etdiyi qiymətli əşyalar arasında çoxlu kinolent, foto şəkillər, içərisində kinolentlər olan kitablar, diapozitivlər və s. vardı. II Dünya müharibəsinə qədər foto-studiyanın arxivində təxminən 4000 fotolent, fotoşəkil və s. neqativlər olmuşdur. Müharibə illərində foto-arxivin məsul işçisi olmadığından həmin dövrdə dəqiq qeydiyyat aparılmamış, foto şəkillərin və neqativlərin çoxu muzeyin digər fondlarındakı albomlarda, kitabxanada mühafizə olunmuşdur. Neqativlərin əksəriyyəti kontrol şəkilləri ilə birlikdə zərflərdə yerləşdirilmiş, üzərində inventar nömrəsi, müəllif-fotoqrafın adı göstərilmişdir.
1955-ci ildən Foto neqativ materiallar fondu müstəqil fəaliyyət göstərməyə başladı. Bu gün fondda 20.000-dən artıq neqativ qorunur. Əksər hallarda nadir foto-sənəd olan bu neqativlərdəki foto-şəkillərin müəllifləri (fotoqrafları) Y.S.Sudakov, E.Q.Ponyagin, Y.F.Raxil, S.Kulişov, Y.S.Krasyukov, M.Nəsirov və başqalarıdır. Fondda 8000-ə yaxın şüşə neqativ, 5000-dən artıq fotolent, 2000-ə yaxın rəngli slayd, həmçinin video kaset və disk vardır. Bunların arasında görkəmli şəxsiyyətlərin fotoşəkilləri, müxtəlif xarakterli sənədlər, şəhər və kəndlərin görüntüləri, muzeyin fondlarında saxlanılan və ekspozisiyasında nümayiş olunan materialları, I və II dünya müharibələrində iştirak edən hərbiçilər, qədim və yeni Bakının görüntüləri və s. əks etdirən neqativlər mühafizə edilir.
Foto neqativ materiallar fonduna Ağayeva Dünya (1955-1959), Sübhi xanım Ağarəhim qızı (1959-1966), Zahirə İbrahimova (1966-1969), Tatyana Nəsirova (1969-1976), Zahirə Məlik-Aslanova (1976-1982), Validə İslamova (1982-1984), Səlminaz Zeynalova (1984-1998), Solmaz Hüseynova (2003- 2019) rəhbərlik etmişlər. Hazırda fondun müdiri Afət Kərimovadır.