1920-ci ildə Yevgeni Aleksandroviç Paxomovun (1880-1965) gərgin əməyi sayəsində Azərbaycan Tarixi Muzeyinin “Arxeologiya, tarix və etnoqrafiya” şöbəsinin tərkibində yaradılan Numizmatika kabineti (az sonra Numizmatika fondu) çox keçmədən Tarix Muzeyinin ən zəngin fonduna çevrilmişdir.
Yaradıldığı ilk illərdə cəmi 103, 1928-ci il məlumatına görə 4 734, 1939-cu ilə görə 16728 sikkədən ibarət kolleksiyaya malik olan bu fond indi respublikada 100 000-dək sikkənin saxlanıldığı, tədqiq və təbliğ olunduğu vahid numizmatik mərkəzdir.
Fond sikkələrinin əsas hissəsini Azərbaycan Respublikası ərazisində tapılmış və zərb edilmiş sikkələr təşkil edir. Bunların sırasında Azərbaycanın feodal dövlətləri – Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər, Azərbaycan atabəyləri, Qaraqoyunlular, Ağqoyunlular , Səfəvilər və Azərbaycan xanlıqlarına məxsus sikkələr xüsusi önəm daşıyır.
Fondda həmçinin antik və Şərq sikkələrindən ibarət kolleksiyalar, qədim Yunanıstan şəhərlərinin, Roma, Bizans imperiyalarının, ellinist dövlətlərin (Selevkiya, Parfiya, Baktriya), Sasanilər, Ərəb Xilafəti, Səlcuqlar, Elxanilər, Cuçilər, Osmanlılar, Əfşarlar, Qacarlar, Baburilər və b. dövründə zərb olunmuş və Azərbaycan ərazisində tapılan, eləcə də, demək olar ki, bütün dünya ölkələrini (Qərbi Avropa, Rusiya, Hindistan, Çin və b.) təmsil edən kolleksiyalar mövcuddur.
Azərbaycan numizmatikasının bir elm kimi təşəkkülü və sonrakı uğurları Numizmatika fondunun təsisçisi və uzun müddət mühafizə olan Yevgeni Paxomovun fəaliyyəti ilə bağlıdır. Məhz onun rəhbərliyi ilə Azərbaycan ərazisində aşkara çıxarılan ilk, təsadüfi sikkə tapıntıları fondda yerləşdirilmiş, qeydə alınmış, sayı artırılmış, tədqiq və nəşr olunmuşdur. Azərbaycan tarixinə, arxeologiyasına və numizmatikasına həsr edilmiş 100-dən artıq məqalə, “Azərbaycanın və Qafqazın digər respublika, vilayət və əyalətlərinin sikkə dəfinələri”, “Gürcüstan sikkələri”, “Azərbaycan sikkələri” əsərləri Y.Paxomov qələminin məhsuludur.
1968-ci ildə Azərbaycan SSR EA Rəyasət Heyətinin qərarı ilə muzeydə “Numizmatika və epiqrafika ” şöbəsi yaradılmış və Y.Paxomovun davamçısı Əli Məhəmməd oğlu Rəcəbli şöbənin və numizmatika fondunun müdiri təyin edilmişdir.
50 ildən artıq müxtəlif tədris müəssisələrində pedaqoji fəaliyyət göstərməklə yanaşı elmi uğurları olan, müxtəlif təltiflərə malik bu alimin rəhbərliyi ilə üç namizədlik dissertasiyası müdafiə edilmişdir. Alimin yetirmələri olan t.ü.f.d., dosent Sənubər Qasımova və t.ü.f.d. Aygün Məmmədova hazırda Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları qismində fəaliyyət göstərirlər.
Ötən əsrin tədqiqatçıların (A.Rəhimov, K.Qolenko, S.Mustafayeva, İ.Babayev, L.Əzimova, N.Sinitsina) əsərləri Numizmatika Fondu materiallarına istinadən işlənilmişdir.
Azərbaycanda müdafiəyə təqdim edilmiş - Q.Pirquliyeva, A.Quliyev, T.Quliyev, S.Qasımova, A.Məmmədova və d. namizədlik dissertasiya işləri və məqalələrində Numizmatika Fondu materialları əks edilmişdir.
1998-ci ildən Numizmatika fondundan qeyri-məskukat materialları (möhürlər, ordenlər, medallar, markalar, şəxsi təltiflər və s.) seçilərək ayrılmış və Köməkçi Tarixi Fənn Materialları fondu yaradılmışdır.
Hazırda Numizmatika fonduna qorunan sikkələrin elektron pasport-proqrama qeyd edilməsi, tədqiqi və təbliği işi davam etdirilir.
Numizmatika fondunun müdiri - t.ü.f.d., Aygün Məmmədovadır.