Sənədli mənbələr fondu Azərbaycan Tarixi Muzeyinin elmi arxivi əsasında 1996-cı ildə yaradılmışdır. Fond yaradılmamışdan öncə elmi arxivdə ekspozisiyanın mövzu planları, arxeoloji ekspedisiyaların və muzey əməkdaşlarının gördüyü işlər haqda hesabatları, müxtəlif nəşrlərdən iqtibaslar, təqvimlər və s. sənədlər saxlanılırdı. Elmi arxivin inventar kitabında ilk qeydiyyat 1953-cü il noyabrın 20-nə təsadüf edir. Sənədli mənbələr fondu yarandıqdan sonra isə muzeyin fəaliyyətini əks etdirən rəsmi sənədlər hazırki arxivə təhvil verilmişdi.
Hazırda fondun kolleksiyasında XIX əsrin əvvəllindən bu günədək olan uzun dövrü əhatə edən müxtəlif səpkili materiallar, o cümlədən, Azərbaycan mədəniyyəti və maarifinin, elm və ədəbiyyatının inkişafını, milli mətbuatının yaranmasını əks etdirən sənədlər və fotoşəkillər mühafizə olunur. Həmin sənədli mənbələr arasında məşhur ictimai xadim və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin mənalı ömür yolunu və fəaliyyətini əks etdirən materiallar da çoxluq təşkil edir. Belə ki, bu nüfuzlu şəxsiyyətin simasını üç fotoşəkil albomunda görmək mümkündür. Fondun müvafiq saxlanc yerlərində qorunan Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Rəşid bəy Əfəndiyev, Teymur bəy Bayraməlibəyov və digərlərinin şəxsi kolleksiyaları, “Molla Nəsrəddin” jurnalının və XIX əsrin sonu-XX əsrin əvvəlində nəşr olunan “Əkinçi” qəzetinin, “Həyat”, “İrşad”, “İqbal” və s. mətbu orqanların nadir nüsxələri, həmin dövrdə fəaliyyət göstərmiş maarif cəmiyyətlərinin, eləcə də onların nəzdində açılmış təhsil müəssisələrinin sənədləri olduqca əhəmiyyətlidir. Fondda saxlanılan və 1877-ci ildə Parisdə fransız dilində nəşr edilən, üzərində tanınmış azərbaycanlı ziyalısı Əbülfət bəy Şahtaxtinskinin şəxsi möhürü olan Quran onun nadir incilərindəndir. Bakı Universitetinin fəaliyyətinə dair müxtəlif sənədlər, Azərbaycan türklərinin orta əsr eposu olan “Kitabi Dədəm Qorqud” dastanının Drezdendə saxlanılan XVI əsr nüsxəsinin faksimile surəti fondun kolleksiyasını zənginləşdirir.
Fondun maraqlı kolleksiya nümunələri arasında Milli teatrının yaranmasını və bu günədək keçdiyi yolu özündə əks etdirən sənəd və fotoşəkillər də yer alıb. Bunlardan Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin, Azərbaycan səhnəsinin görkəmli aktyorlarının yaradıcılığını əks etdirən materiallar xüsusi önəm daşıyır.
Fondda Azərbaycanda neft sənayesinin, geologiya elminin təşəkkülü və inkişafı ilə bağlı xeyli sənəd də mühafizə olunur. Həmin sənədlərə nümunə olaraq “Pitoyev və Kº Səhmdar Cəmiyyəti”, “Benkendorf və Kº Ticarət Evinin neft mədənlərinin təsvirləri. Balaxanı, 1896”, “Nobel Qardaşları Neft Hasilatı Cəmiyyətinin (1879-1904) XXV illiyi”, “Nobel Qardaşları Neft Hasilatı Cəmiyyətinin (1879-1909) XXX illiyi”, cizgi, cədvəl, xəritə və illüstrasiyaları olan “Bakı-Batumi ağ neft kəmərinin I sahəsinin işə salınması”, “Azərbaycanın dəniz yataqlarının kompleks işlənməsi”, “İliç buxtasının torpaqla örtülməsi”, “Şollar su kəmərinin tikintisi”, “Petrovsk-Bakı xəttinin (1896-1902) icra cizgiləri” adlı albomları göstərmək olar.
Fondda həmçinin XIX əsrin sonu – XX əsrin əvvəlində burada neft hasilatı ilə məşğul olmuş yerli və xarici şirkətlərin sənədləri, fotoşəkilləri və açıqçaları, M.Abramoviç, D.Qolubyatnikov, İ.Qubkin, L.Qurviç, F.Rüstəmbəyov, Y.Məmmədəliyev S.Vəzirov, Ə.Bağırova, Ə.Əlizadə, Ə.Yaqubov, İ.Hüseynov və başqalarının kolleksiyaları mühafizə olunur. Burada qocaman neftçi Piri Quliyevin 1925-ci ildə Amerika Birləşmiş Ştatlarında təcrübə keçməsi haqda sənəd də xüsusi maraq kəsb edir.
Azərbaycan Xalq Cümhuriyyətinə dair tarixi dəyər kəsb edən sənədlər də fondun xüsusi kolleksiyasını təşkil edir. Onların arasında müasir Azərbaycan dövlətçiliyinin əsasını qoymuş və “Əqdnamə” adı ilə qələmə alınmış “İstiqlal Bəyannaməsi” diqqəti xüsusilə çəkir. Bu tarixi sənədin fondda saxlanılan fotosurətinə ilk peşəkar azərbaycanlı rəssam Əzim Əzimzadə bəyannamənin qəbul edildiyi 1918-ci ildə bədii tərtibat vermişdir. Bu sənədin azərbaycanlı mühacirlərdən əldə edilmiş və 2014-cü ildə Muzeyə Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə təhvil verilmiş oijinal mətninin və fransızcaya tərcüməsinin yazılı nüsxələri də fondda qorunur. Ümumiyyətlə, son illər ərzində fondda Cümhuriyyət xadimlərinə və təhsil almaq məqsədilə xaricə göndərilmiş azərbaycanlı gənclərə aid xeyli sayda material toplanmışdır. 2018-ci ildə isə fondun kolleksiyasına milli hərəkatımızın lideri Məhəmməd Əmin Rəsulzadənin 1950-ci ildə bu məfkurənin gənc nümayəndəsi Süleyman Mehmet Təkinərlə yazışmalarını özündə əks etdirən məktublar təhvil verilmişdi.
Fondun müvafiq kolleksiyalarında elmin ayrı-ayrı sahələrində çalışmış Azərbaycan Elmlər Akademiyasının bir çox həqiqi və müxbir üzvlərinin maraqlı materialları da özünəməxsus yer tutur. Təbabət sahəsində böyük uğurlar qazanmış alimlərin – Yakov Gindesin, Fyodr İlyinin, Bahadır Qayıbovun, Mustafa Hacıqasımovun, Azərbaycan EA-nın ilk prezidenti Mirəsədulla Mirqasımovun və azərbaycanlı qadınlar arasında ilk göz həkimi olan Sona Vəlixanlının materialları xüsusilə maraqlıdır. İlk azərbaycanlı topoqraf general İbrahim ağa Vəkilovun kolleksiyasında isə o dövrün unikal xəritələri, etnoqrafik fotoşəkillər də nadir eksponatlar yer almışdır.
Fondda Birinci və İkinci Dünya müharibəsi dövrlərində Azərbaycanın ön və arxa cəbhələrində fəallığına dair saysız-hesabsız materiallar da qorunub saxlanılır. İkinci Dünya müharibəsi zamanı Berlinə qədər gedib çıxmış və Brandenburq qapısının üzərinə qələbə bayrağını sancmış 416-cı Taqanroq milli diviziyasına aid materialları xüsusilə qeyd etmək olar.
Fondda ümummilli lider Heydər Əliyevin həm sovet dönəmində, həm də müstəqillik illərindəki siyasi fəaliyyətinə dair xeyli sayda sənəd və fotomateriallar mühafizə edilir. Bu çoxsaylı sənədlər arasında üç nadir sənəd - Naxçıvan Pedaqoji Texnikumunun məzunu ikən Heydər Əliyevin Azərbaycan Tarixi Muzeyində çalışmaq məqsədi ilə direktorunun adına yazdığı ərizə, tərcümeyi-hal və doldurduğu kadrların uçotu üzrə şəxsi vərəqə xüsusilə maraqlıdır. Fondun müasir dövrə aid sənədlər kolleksiyasında həmçinin Azərbaycanın istiqlalı və ərazi bütövlüyü uğrunda həlak olmuş əksər vətəndaşlarımıza aid də şəxsi materiallar da yer almışdır.
2014-cü ildə fondun nəzdində yaradılmış “Xəritələr sektoru”na muzeyin ayrı-ayrı fondlarında və kitabxanasında saxlanılan, əksəriyyəti nadir olan xəritələr təhvil verilmişdir. Hazırda Fondun kolleksiyasında 19 222 saxlanma vahidi mühafizə olunur. Sənədli mənbələr fondunun bir çox kolleksiya nümunələrindən kataloq və kitab-albomların hazırlanmasında mənbə qismində istifadə edilmişdir.
Fonda Roza Pisarevskaya (1955-1965), Osman Əfəndiyev (1965-1970), Svetlana Medvedeva (1970-2008) və Mehriban Əliyeva (2008-2019) rəhbərlik etmişdi. Hazırda fondun müdiri Esmira Rəhimovadır.