Bizimlə öyrən
11 Mart, 2021
“Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun üzvləri şəhid ailəsini ziyarət edib
Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən "Gənc muzeyşünaslar və muzeysevərlər klubu"nun rəhbəri Sahibə Ələkbərova "Tarix yazan qəhrəmanlar" layihəsi çərçivəsində, klub üzvləri - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin III kurs tələbəsi Hümbətova Şahnaz və Azərbaycan Turizm və Menecment Universitetinin II kurs tələbəsi Nəzrin Bağırova ilə birgə II Qarabağ müharibəsi şəhidi Şəhriyar Qasımovun ailəsini ziyarət ediblər. Layihə iştirakçıları Ş.Qasımovun ailəsi ilə görüş zamanı onun haqqında olan xatirələri dinləmiş və şəhidin evində xatirə əşyalarından ibarət olan guşə ilə tanış olmuşlar.
Qasımov Şəhriyar Vəzir oğlu 07.11.1995-ci ildə Bərdə rayonu Hüseyinbəyli kəndində anadan olmuşdur. O, Bərdə rayonu Musa Vəliyev adına Böyük Qacar kənd orta məktəbində və Bakı şəhər Binəqədi rayonu Şəhid Rövşən İmanov adına 205 saylı orta məktəbdə təhsil almışdır. Daha sonra həqiqi hərbi xidmətə çağrılmış, hərbi xidmətə Tovuz rayonunda başlamışdır. Hərbi xidmət dövründə, xidmətdə fərqləndiyinə görə ona kiçik çavuş rütbəsi verilmişdir. O, hətta Tovuz döyüşlərində iştirak üçün könüllü ön cəbhəyə getmişdir. Hərbi xidməti başa vurduqdan bir müddət sonra, o, Nərimanov rayonu Hərbi Komissarlığında könüllü kimi qeydiyyatdan keçmiş, könüllü olaraq müharibəyə getmək istədiyini bildirmişdir. II Qarabağ müharibəsi başlayan zaman, 29.09.2020-ci il tarixində yüksək əhval-ruhiyyə ilə cəbhəyə yollanmışdır. Cəbrayıl, Zəngilan, Qubadlı və Füzuli rayonları uğrunda gedən döyüşlərdə kəşfiyyatçı-snayperçi kimi böyük rəşadət göstərmişdir. O, yanına atılmış düşmən mərmisinin partlaması nəticəsində 26.10.2020-ci il tarixində şəhid oldu, ən yüksək və şərəfli zirvəyə ucaldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Şəhriyar Qasımov, ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif olunmuşdur.
Şəhid Ş.Qasımovun hərbi geyim dəsti, hərbi çəkməsi, döyüşə gedərkən özü ilə apardığı bayraq, minamyot partlaması nəticəsində, qolunda olan zədələnmiş saatı Muzeyin elmi işçisi Sahibə Ələkbərovanın vasitəsilə Muzeyə daxil olub.