Klubun yaradılması hələ keçən əsrin ikinci yarısında Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərmiş dərnəklərin başladığı işi davam etdirməklə ənənəni yaşatmaq istəyindən qaynaqlanır. Belə ki, 1948-ci ildə Azərbaycan Tarixi Muzeyinin direktoru Saleh Qazıyev Muzeyin məktəb şöbəsi yanında “Gənc arxeoloqlar” dərnəyi yaradılması təşəbbüsü ilə çıxış edir. Həmin ildə Arxeologiya fondunun elmi işçisi Tamara Qolubkinanın rəhbərliyi altında fəaliyyətə başlayan dərnəyin əsas vəzifəsi məktəbliləri pərakəndə toplama işi nəticəsində əmələ gəlmiş fərdi kolleksiyalar əsasında maddi mədəniyyətlə əyani şəkildə tanış etmək, arxeoloji qazıntıların və araşdırmaların tədqiqat üsullarını göstərmək idi. 1970-ci illərin əvvəllərində isə bu missiyanı “Qırmızı qərənfil” dərnəyi öz üzərinə götürmüşdü. Gənc nəslin nümayəndələrinə tariximizi, o cümlədən arxeoloji irisimizi tanıtdırmaq müasir dövrdə də Milli Azərbaycan Tarixi Muzeyinin mühüm fəaliyyət sahələrindən biridir. Bu baxımdan keçmiş dövrlərin bu yöndəki təcrübəsindən yararlanmaq və əldə edilən nailiyyətlərin davamlılığını təmin etmək çağdaş zamanın da əsas tələblərindəndir. Yuxarıda bəhs etdiyimiz dərnəyin həqiqi varisi qismində Muzey nəzdində “Arxeo Klubu”u təsis edilməsi qərara alınmışdır. Klub yaradılarkən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının prioritet istiqamətləri üzrə gənclərin daha geniş kütləsinin intellektual fəaliyyətə cəlb olunması, onlar arasında sağlam elmi rəqabət mühitinin yaradılması, Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında maarifləndirilməsi və asudə vaxtın səmərəli təşkili kimi məsələləri əsas götürülmüşdür. Bu baxımdan, milli tariximizi və mədəniyyətimizi, xüsusilə arxeoloji irsimizi gənc nəslə təbliğ və təşviq edəcək maarifləndirici bir klubun yaradılması qərara alınmışdır. 2019-cu il yanvarın 25-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində yeni yaradılan Arxeo Klubun təqdimat mərasimi keçirilib. Muzey rəhbərliyinin, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının, Xəzər Universiteti Tarix və Arxeologiya Departamenti müdiriyətinin, eləcə də tələbələrinin və 2 nömrəli Texniki-Humanitar Elmlər Liseyinin müəllim və şagirdlərinin iştirak etdikləri tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı tariximizin, mədəni irsimizin daha dərindən öyrənilməsinin əhəmiyyətindən danışaraq Arxeo klubun işinə uğurlar arzulamışdır.
Klubun əsas məqsədini orta məktəb şagirdlərinə və gənc nəslin digər nümayəndələrinə milli-mənəvi dəyərlərimizi daha da sevdirmək, xalqımızın qədim tarixi və zəngin mədəniyyəti ilə bağlı mövcud biliklərini dərinləşdirmək, arxeoloji irsin qorunması və öyrənilməsi kimi mütərəqqi bacarıqları aşılamaq, eləcə də abidələrimiz və maddi mədəniyyətimizlə bağlı təsəvvürlərini genişləndirmək təşkil edir.
“Arxeo klub”un rəhbəri Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunun müdiri Esmira Rəhimovadır.