Noyabrın 20-də Milli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proqramları şöbəsi ilə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Muzey eksponatları şagirdlərin rəngli dünyasında” layihəsi çərçivəsində “Tağıyev Sarayının memarlıq inciləri” adlı tədbir-sərgi keçirilib.
2026-cı ilin “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan tədbirdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri iştirak ediblər. Şagirdlər əvvəlcədən hazırladıqları, Tağıyev Sarayının memarlıq ornamentlərini əks etdirən rəsm əsərlərini sərgidə nümayiş etdirib, təsvir etdikləri ornamentlər haqqında araşdırmalar apararaq topladıqları məlumatları tədbir iştirakçıları ilə bölüşüblər.
Tədbirin açılışında İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi çıxış edərək layihənin məqsədi və əhəmiyyətindən bəhs edib. Daha sonra şöbənin baş mütəxəssisi, layihənin rəhbəri Qənirə Qafarlı Tağıyevin ev-muzeyində çıxış edərək Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyəti, Tağıyev Sarayının tarixi və memarlıq xüsusiyyətləri, eləcə də sarayın ornamentlərinin tarixi və bədii xüsusiyyətləri haqqında danışıb.
Tədbir çərçivəsində şagirdlər üçün mövzuya uyğun interaktiv quiz təşkil olunub. İştirakçılar sualları cavablandıraraq öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Sonda sərgidə əsərləri nümayiş olunan şagirdlərə və onların müəllimlərinə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, layihənin əsas məqsədi şagirdlərdə Azərbaycanın tarixi-memarlıq irsinə maraq oyatmaq, onların yaradıcılıq potensialını üzə çıxarmaq və muzey mühitində öyrənmə imkanlarını genişləndirməkdir.